ABŞ Dövlət katibi Entoni Blinken və Fransanın xarici işlər naziri Jan-İv Lö Drian Qarabağla bağlı postmünaqişə dövrünü müzakirə edib. Bu barədə Dövlət Departamenti məlumat yayıb.
Tərəflər ATƏT-in Minsk Qrupu həmsədrlərinin keçmiş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı və ya ondan irəli gələn bütün həll edilməmiş məsələlərin həllində Ermənistan və Azərbaycana yardım etmək üzrə davam edən səylərini müzakirə edib.
Bundan əlavə, rəsmilər Ukrayna sərhədləri ətrafındakı böhran barədə də fikir mübadiləsi aparıblar.
Görünən budur ki, Fransa və ABŞ, Ukrayna məsələsində olduğu kimi, Qarabağ mövzusunda da Rusiyaya qarşı birləşir. Bu gedişatdan hansı nəticələri çıxarmaq olar?
Demokratik Dəyişim Partiyasının Təşkilat Komitəsinin sədri Əli Mustafa “ Bakı-Xəbər” ə açıqlamasında bildirdi ki, hər iki ölkə regiondakı aktivliyini bərpa etmək istəyir: “Ancaq bunu hansı formada istəyirlər? Təbiidir ki, Minsk Qrupunun həmsədrləri formatında. Ancaq məlumdur ki, Azərbaycan həmin formatın bərpasını istəmir. Dəfələrlə ən ali səviyyələrdə bunlara etirazın edildiyinin şahidi olmuşuq. Hazırda Rusiya ilə Qərb və ABŞ ciddi qarşıdurma mərhələsinə qədəm qoyublar. Çalışırlar ki, Rusiyanı bütün maraq dairələrindən sıxışdırıb çıxarsınlar. Bura həm Ukraynanı, həm də bizim regionu aid etmək olar. Ancaq bizimlə bağlı məsələdə gecikiblər. Çünki Rusiya prosesə onların müdaxiləsinə imkan verməməklə burada yeni reallıqların yaradılmasına nail olub. Artıq Rusiya çox mədəni formada onları buradan təcrid edib. Əslində, həmin qüvvələrin prosesi yenidən aktivləşdirməsi bizə də sərf etmir. Onların istədiyi formatın bərpasını dəstəkləyən Ermənistandır. Çünki hər iki ölkədə güclü erməni diasporu var. Onların ölkələrin siyasətinə təsir etmək imkanları genişdir. Yaranmış fürsətdən istifadə etməyə çalışacaqlar. Fransanın aktivləşməsinin bir səbəbi də qarşıdan gələn prezident seçkilərilə bağlıdır. Onların bundan sonrakı iştirakı humanitar addımlarla bağlı ola bilər. Məsələn, bu yaxınlarda Aİ-nin Azərbaycana iki milyard vəsait ayırdığı formada. Biz belə səylərə heç vaxt etiraz etmirik”.
Məhəmmədəli QƏRİBLİ