Keçən ilin oktyabrından Əməkdar jurnalist Elnarə Dərziyevanın rəhbərliyi ilə Media Tədris Mərkəzi fəaliyyət göstərir. Hazırda çox aktiv fəaliyyətdə olan mərkəzdə medianın müxtəlif sahələri üzrə kadrlar yetişdirilir.
E.Dərziyevanın rəhbəri olduğu Media Tədris Mərkəzində nəzəri biliklərdən çox təcrübəyə üstünlük verilir. Qısa müddət ərzində media mənsubu olmaq istəyən hər kəs Tədris Mərkəzinə müraciət edir və burada jurnalistika təcrübəsinə yiyələnir. Media Tədris Mərkəzi fəaliyyətə başlayarkən E.Dərziyeva mətbuata açıqlamasında təhsil müddətinin 4-6 ay olacağını və kursu müvəffəqiyyətlə başa vuranlara sertifikat təqdim olunacağını vurğulayıb.
Qeyd edək ki, E.Dərziyeva 1998-ci ildən mətbuatda çalışır. “Bu gün”, “Elçi”, “Yeni Avrasiya”, “Faktor” qəzetlərində, “Lider”, ATV telekanallarında işləyib.
2016-cı ildə isə “Əməkdar jurnalist” fəxri adına layiq görülüb.
Muğan TV-nin nəzdində fəaliyyət göstərən Media Tədris Mərkəzinin rəhbəri, Əməkdar jurnalist Elnarə Dərziyeva “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Mərkəz uğurla fəaliyyətini davam etdirir: “İki aylıq nəzəriyyədən sonra artıq tələbələrimiz Muğan Televiziyasının rəhbərliyinin təşəbbüsü ilə təcrübə keçməyə başlayıblar. Biz fevral ayından nəzəriyyədən praktikaya keçid etdik. Artıq tələbələrimiz çəkilişlərdə olurlar, onların çəkilişlərdən hazırladıqları verilişlərin ərsəyə gəlməsinə isə Muğan TV ciddi dəstək göstərir. Biz tədris mərkəzimizi Muğan TV-də qurmuşuq. Hər ay Media Tədris Mərkəzinə qeydiyyat olur və bu sahədə təcrübə qazanmaq istəyən gənclər müraciət edə bilərlər. Media sahəsində kifayət qədər peşəkar, təcrübəli jurnalistlər, media kapitanları, televiziyaçılar, redaktorlar, sayt rəhbərləri mərkəzimizə dəvət edilirlər onlar öz təcrübələrini bölüşürlər, tələbələrimizə master klass keçirlər. Onu da qeyd edim ki, “Bakı-Xəbər” Media qrupunun rəhbəri Aydın Quliyev də Media Tədris Mərkəzində olub və tələbələrə siyasi jurnalistikadan təlim keçib” - deyə E.Dərziyeva qeyd etdi.
İradə SARIYEVA