Ermənistan Azərbaycan və Rusiya Federasiyasına avtomobil nəqliyyatı əlaqəsinin bərpası ilə bağlı təklif təqdim edib və Bakıdan müsbət siqnal gözləyir.
Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib:
"Biz yollarla bağlı təklifləri formalaşdırıb Azərbaycan tərəfinə, Rusiya və beynəlxalq tərəfdaşlara təqdim etmişik. Azərbaycandan müsbət cavab alan kimi biz avtomobil nəqliyyatı əlaqəsinin bərpası və tikintisi prosesini həyata keçirməyə hazırıq".
Çox maraqlıdır ki, Paşinyan sərhədləri dəqiqləşdirmədən, sülh sazişini imzalamadan avtomobil nəqliyyatını bərpa etməyə çalışır. Onun bu addımını növbəti hiyləgərlik kimi qəbul edə bilərikmi?
Politoloq Rəşad Bayramov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdə maraqlı deyil: “Hiss edilir ki, özünə nə sərf edirsə, onu qabağa salmaq prinsipi ilə hərəkət etməyə çalışır. Ermənistan əvvəlcə sərhədlərin dəqiqləşməsində maraqlı olmalıdır. Sonra sülh sazişi imzalanmalıdır və bununla da tərəflər bir-birinin ərazi bütövlüyünü tanımış olacaqlar. Kommunikasiyaların bərpası həmin proseslərin ardınca yerinə yetirilə bilər. Önə çəkilməli olan kommunikasiya prosesi Zəngəzur dəhlizi ilə bağlı olmalıdır. Zəngəzur dəhlizi təkcə bizim Naxçıvan Muxtar Respublikasına çıxış əldə etməyimiz üçün deyil, həm də Ermənistanın Naxçıvan Muxtar Respublikası vasitəsilə İranla dəmir yolu əlaqəsi üçündür. Bununla, həmçinin Ermənistan da Naxçıvan Muxtar Respublikası vasitəsilə İranla dəmir yolu əlaqəsi əldə edir. Ermənistan Azərbaycan ərazisindən Rusiya ilə dəmir yolu əlaqəsi əldə edir. Bu gün onların belə bir dəmir yolu əlaqəsi yoxdur. Bu, regionda həqiqətən müsbət ab-hava yarada bilər və hər kəsin xeyrinə olacaq. Hesab edirəm ki, bu imkanların düzgün dəyərləndirilməsi dinc gələcəyimizin planlaşdırılması baxımından olduqca vacibdir. Ancaq Ermənistan bu məsələdə də çığallıq edir. Dəhliz yox, yol vermək istəyir. Özü usə Laçından dəhliz kimi istifadə edir. Avtomobil yolunu qabağa salmaqla Paşinyan digər məsiliyyətlərindən yayınmaq istəyir ki, bu da mümkün deyil. Proseslər öz ardıcıllığı ilə aparılmalıdır”.
Məhəmmədəli QƏRİBLİ