“Jurnalistlərə və media subyektlərinə vergi güzəştlərinin edilməsi ilə bağlı Vergi Məcəlləsinə dəyişikliklərin olunması barədə məsələ müvafiq dövlət qurumları ilə müzakirə olunmaqdadır”. Bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov media nümayəndələrinə açıqlamasında deyib.
O bildirib ki, konkret nəticələr barədə isə məlumat veriləcək.
Şakir Ağayev: “Vergi güzəştinin tətbiq edilməsi iqtisadi baxımdan çətin vəziyyətdə olan, xüsusilə də çap mediasının vəziyyətinə müsbət təsir edəcək”
“Novoe Vremya” qəzetinin baş redaktoru Şakir Ağayev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, jurnalistlərə vergi güzəştinin edilməsi, bununla bağlı Vergilər Məcəlləsinin dəyişdirilməsi təqdirəlayiq haldır: “Media təmsilçilərinə vergi güzəşti tətbiq edilərsə, bu onların və redaksiyanın da maddi vəziyyətinə müsbət təsir edəcək: “Medianın İnkişafı Agentliyi mətbuatın inkişafı ilə bağlı bir neçə təkliflə çıxış edib. Mətbuatın, ilk növbədə çap mediasının inkişafı ilə bağlı təkliflər irəli sürüb. Vergi güzəştinin tətbiq edilməsi iqtisadi baxımdan çətin vəziyyətdə olan, xüsusilə də çap medisının vəziyyətinə müsbət təsir edəcək”.
Ceyhun Musaoğlu: “Medianın inkişafına xidmət edən formaların seçilməsi informasiya yayımçılığında şəffaflığa təkan olacaq”
Jurnalistlərə və media subyektlərinə vergi güzəştlərinin edilməsinin vacibliyi barədə danışan Jurnalist Ekspert Mərkəzinin sədri, Rupor.az xəbər portalının baş redaktoru Ceyhun Musaoğlu bildirdi ki, “Media haqqında” qanunun qəbulu və Prezidentin fərmanı ilə Medianın İnkişafı Agentliyinin - MEDİA-nın nizamnaməsində qurumun səlahiyyətlərinin artırılması təqdir olunası böyük hadisədir: “Yeni qanunda əksini tapan jurnalistikanın inkişafına yönəlik müddəaların geniş və effektli təsirinə nail olmaq məhz Agentliyin nizamnaməsində dəyişiklik olunmasına rəvac verib. MEDİA-nın icraçı direktoru Əhməd İsmayılovun jurnalistlərə və media subyektlərinə vergi güzəştlərinin edilməsi ilə bağlı Vergi Məcəlləsinə dəyişikliklərin tətbiqi barədə məsələnin müzakirə mərhələsində olması ilə bağlı səsləndiridiyi fikir də yeni qanuna və yeni nizamnaməyə yaraşan mühitin qurulması vacibliyinin məntiqi nəticəsidir. Fikrimcə, medianın inkişafına xidmət edən formaların seçilməsi informasiya yayımçılığında şəffaflığa təkan olacaq. Doğru, dəqiq, mill-mənəvi dəyərləri qoruyaraq, dövlətin təhlükəsizliyinə xələl gətirmədən yayılan informasiya sağlam düşüncə tərzinin cəmiyyətdə hakim olmasına dəstəkdir. Bunun üçün jurnalistikanı iqtisadi çətinliklər məngənəsindən çıxarmaq işin əhəmiyyətli tərəfidir. Media mümayəndələrinə və subyektlərinə vergi güzəştləri tətbiq ediləcəksə, bu qərarın nəticəsində ictimaiyyətin keyfiyyətli məlumatlarla təmin olunması prosesi sürətlənəcək, şaxələnəcək, dövlətin informasiya siyasətinin effektivliyinə təkan olacaq”.
Günel CƏLİLOVA