Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ötən il naməlum şəhid məzarları ilə bağlı ekshumasiya və tibbi-genetik ekspertizanın aparılması üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət edib. Beləliklə, 32 naməlum şəhid məzarının açılmasına qərar verildi. Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibbi kriminalistik ekspertin iştirakı ilə ekshumasiya keçirilməklə tibbi-genetik tədqiqat üçün müvafiq nümunələrin götürülməsi təmin edildi.
Qeyd edək ki, ölmüş şəxsin prosessual ekshumasiyası Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq məhkəmənin qərarı əsasında həyata keçirilir. Ölmüş şəxsin qeyri-prosessual ekshumasiyasına çürümə və minerallaşma prosesləri zəif gedən yaş qrunt ərazidə 3 (üç) ildən, qumlu quru qrunt ərazidə isə 1 (bir) ildən tez olmayaraq icazə verilir. Ölmüş şəxsin qeyri-prosessual ekshumasiyası qəbiristanlığın müdiriyyətinin iştirakı ilə həyata keçirilir. Ekshumasiyadan sonra qəbir yerləri dezinfeksiya olunmalı və torpaqla örtülməlidir.
Ekshumasiyadan sonra meyit və ya onun qalıqları həmin qəbir yerində təkrar basdırıldıqda, bu Qaydalarla müəyyən edilmiş tələblər gözlənilməlidir. Qeyd edək ki, bu Qaydaların tələblərinə riayət olunmasına nəzarət, əsasnamələrinə uyğun olaraq, aidiyyəti dövlət orqanları və müvafiq bələdiyyələr tərəfindən həyata keçirilir.
Bu Qaydaların tələblərinə riayət olunmasına ictimai nəzarət fiziki şəxslər, dini icmalar və vətəndaş cəmiyyəti təsisatları tərəfindən həyata keçirilir. Naməlum məzarların açılmasında məqsəd onların sahiblərinin müəyyənləşdirilməsidir.
Təəssüf ki, Bakıdakı Şəhidlər xiyabanında üstü açılan naməlum məzarların sinədaşları qoyulmayıb. Naməlum qəbirlərin üstü torpaqla örtülsə də, sinədaşları yerinə qoyulmur.
Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamenti: “Naməlum məzarların üstündəki daşların yerinə qoyulmamasının səbəbi...”
Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin nəzdindəki Əhaliyə vətəndaşlıq xidməti trestindən bildirildi ki, naməlum məzarların üstündəki daşların yerinə qoyulmamasının səbəbi Respublika Hərbi Prokorurloğundan hələ ki, onlara bir cavab verilməməsidir: “Ola bilər ki, yenidən o məzarlardan nümunələrin götürülməsinə ehtiyac olar. Bizə bildirdilər ki, məktubumuza Respublika Hərbi Prokurorluğundan cavab veriləcək. Əgər cavab gəlsə ki, həmin naməlum qəbirlərdən daha nümunə götürməyə ehtiyac yoxdur, biz bundan sonra həmin qəbirlərin sinə daşlarını qoyacağıq”.
Elxan Əliyev: “Naməlum şəhidlərin kimliyinin müəyyən edilməsi olduqca əhəmiyyətlidir”
Sosial sahə üzrə ekspert Elxan Əliyev bildirdi ki, naməlum şəhidlərin kimliyinin müəyyən edilməsi olduqca əhəmiyyətlidir. “Əlbəttə, istər Bakı şəhərindəki Şəhidlər xiyabanında, istərsə də Gəncədə, Sumqayıtda, eləcə də digər şəhərlərimizdəki Şəhidlər xiyabanlarında nəməlum şəhid əsgərlərimizin məzarları var. Bu məzarların açılaraq onların nəşinin tibbi ekispertizadan keçirilməsi və həmin şəhidlərimizin kimliklərinin dəqiqləşdirilməsi vacibdir. Çünki bir tərəfdə itkin düşmüş sayılan əsgərlərimiz, o biri tərəfdə nəməlum şəhid məzarları var. Hesab edirəm ki, məzarlar açıldıqdan və tibbi ekspertiza aparıldıqdan sonra həmin naməlum şəhid məzarının itkin sayılan bir əsgərə məxsus olduğu üzə çıxar. Bilirsiz ki, ata-analar var, övladını itkin adı ilə hər yerdə axtarır, onun tapılması üçün dövlət qurumlarına, beynəlxalq təşkilatlara müraciətlər edir. Amma məzarların açılması ilə bir çox məsələlərə aydınlıq gələcək”.
Günel CƏLİLOVA