Ermənistanın Xarici İşlər Nazirliyi (XİN) ənənəvi olaraq Azərbaycanın rəsmi qurumlarına qarşı təxribatlarını davam etdirir. “Bakı-Xəbər”in məlumatına görə, Ermənistan XİN bəyanat yayaraq, Azərbaycan mədəniyyət naziri Anar Kərimovun məlum bir qərarının adını və mahiyyətini tam saxtalaşdıraraq azərbaycanlı naziri şərləyib.
Ermənistan XİN-in bəyanatında deyilir ki, Anar Kərimov, guya “ermənilərin dini və tarixi-mədəni irsinin dəyişdirilməsi və məhv edilməsi üçün işçi qrup” yaradılması barədə qərar verib. Dünyanın qarşısında hay-küy qopardan erməni XİN bunu Azərbaycan tərəfdən “vandallıq” kimi qələmə verərək inanılmaz “mətləblər” səsləndirib.
Təbii ki, azərbaycanlı nazir erməni XİN- in iddia etdiyi formulda hər hansı qərar verməyib. Ermənilər yəqin ki, Anar Kərimovun UNESCO- nun İrəvana missiyası ərafəsində ermənilərin İrəvanda məhv etdikləri tarixi Azərbaycan irs nümunələrinin siyahısını tərtib etmək barədə qərarını nəzərdə tutur və bu səviyyədə həmin qərarı saxtalaşdırırlar...
Ermənistan XİN-in qərəzli bəyanatı ilə bağlı Mədəniyyət Nazirliyinə sorğu göndərdik. Nazirlikdən sorğumuza cavab olaraq bunları bildirdilər:“Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi UNESCO-nun Ermənistana və Azərbaycana yaxın müddətdə missiya göndərməsi ilə bağlı əldə edilmiş razılığı alqışlayır. Məlum olduğu kimi, Ermənistan ərazisində əsrlər boyu yaşamış azərbaycanlılara məxsus zəngin tarixi-mədəni-dini irs nümunələri mövcud olmuşdur. Hələ 1869-cu ildə Qafqaz Rusiya qubernatorluğunun dərc etdiyi “1870-ci il üçün Qafqaz təqvimi” adlı sənəddə verilən statistik məlumatlara görə, təkcə İrəvan quberniyasında 269 məscid olmuşdur. Məscidlərdən savayı, bu siyahıya həmçinin, İrəvanda xanın sarayı, İrəvan qalasının divarları, ümumilikdə hazırkı Ermənistan ərazisində mövcud olmuş çoxsaylı hamam, karvansaray, türbə, qəbiristanlıq və s. əlavə etmək olar.
Ümid edirik ki, UNESCO-nun qarşıdan gələn missiyası Ermənistan ərazisində Azərbaycan xalqına mənsub olan irsin ətraflı şəkildə tədqiq edilməsi, müvafiq qaydada monitorinqi və sənədləşdirilməsi baxımından əhəmiyyətli olacaqdır”.
Mədəniyyət Nazirliyinin cavabı Ermənistan XİN-in qərəzli bəyanatına adekvat cavab olmasa da, amma Azərbaycan XİN-in mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan XİN-in Azərbaycan Mədəniyyət Nazirliyinin bəyanatını təhrif edən açıqlamasına çox tutarlı cavab verib. L.Abdullayeva Ermənistan XİN-in qərəzli bəyanatını belə şərh edib:“Ermənistan XİN-in yaddaşını təzələyirik: Ermənistan 30 ilə yaxın bir müddətdə Azərbaycanın ərazilərinin bir hissəsini hərbi işğal altında saxlayaraq bu ərazilərdə genişmiqyaslı qeyri-qanuni fəaliyyət, o cümlədən urbisid, kultursid və ekosid törədən bir ölkədir. Ermənistan Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndini yer üzündən silib. Bu ərazilərdəki tarixi, mədəni, dini abidələr viran qoyulub, talan edilib. Ermənistan işğal altında saxladığı ərazilərdə törətdiyi məqsədyönlü dağıntıları gizlətmək üçün onilliklər ərzində bu ərazilərə YUNESKO missiyasının səfərinin qarşısını alıb. Bu fakt, YUNESKO-nun 2005-ci ildə dərc etdiyi fəaliyyət hesabatında aydın şəkildə əks olunub. Eyni zamanda, Ermənistan öz ərazisindəki Azərbaycanın mədəni irsini tamamilə məhv edib. Ermənistan son 30 ildə beynəlxalq hüquq, o cümlədən humanitar hüquq normalarını tapdalayıb; 1949-cu il Cenevrə Konvensiyası, YUNESKO-nun 1954-cü və 1970-ci illər konvensiyalarını kobud şəkildə pozub. Ermənistanın yuxarıda sadalanan vandalizminin nəticələri beynəlxalq media və müstəqil ekspertlər tərəfindən geniş şəkildə sənədləşdirilib və işıqlandırılıb. Bütün bu qeyd edilənlər fonunda görünür Ermənistan XİN-i Azərbaycan Mədəniyyət Nazirliyinin bəyanatından yalan çıxarışlar edərək öz qeyri-qanuni əməllərini pərdələmək məqsədi güdür. Lakin qonşu ölkənin rəsmi qurumu unudur ki, Ermənistandan fərqli olaraq, Azərbaycan tarixi-mədəni irsinə dini və etnik zəmində ayrıseçkilik etmir. Azərbaycan bütün dünyada tolerantlıq və mədəni müxtəliflik mümunəsidir. Ermənistan XİN-inə tövsiyəmiz budur ki, ətəyinə yalan, uydurma, iftira dolu daşları yığmaqla özünü daha da dərin və çıxılmaz vəziyyətə salmasın, əksinə, ətəyindəki daşları ataraq, xoş niyyət və əməllər göstərməyə çalışsın”- deyə L.Abdullayeva qeyd edib.
İradə SARIYEVA