Belarus prezidenti Lukaşenko bildirib ki, Rusiya Federasiyası və Belarusun İttifaq dövlətinə sabiq sovet respublikalarının əksəriyyəti birləşə bilər. Lukaşenko ölkəsinin artıq həmin ittifaqda olduğunu bildirib:
“Belarus artıq ümumi “təhlükəsizlik məkanında”dır və Qazaxıstana da “yaxşı dərs” oldu. Heç bir səhvə yol verilməsə, Ukrayna 15 il ərzində orada ola bilər. Ermənistanın getməyə yeri yoxdur. Sizcə onlar kiməsə lazımdır? Onlar bunu artıq görüblər. Azərbaycan bu qrupdan ona görə seçilir ki, biz də çoxlu səhvlərə yol vermişik. Təbii ki, Türkiyə Azərbaycanı çox ciddi dəstəkləyir. Qaz, neft Türkiyədən keçir... Türkmənistan, Özbəkistan və Tacikistan da, zənnimcə, iqtisadi zərurətə görə qoşulacaqlar”.
Lukaşenko qeyd edib ki, Belarus Rusiyadan müstəqil ola bilməz, çünki onun enerji resurslarından və bazarından asılıdır.
Lukaşenkonun Ermənistan barədə dedikləri ciddi rezonans verib. Ermənistanın hakim “Mülki müqavilə” fraksiyasından olan deputat Vaqarşak Akopyan deyib ki, Belarus prezidenti dövlət başçısı kimi yolverilməz və son dərəcə yersiz bəyanatlar verib: “Tərəfdaş ölkə rəhbərinin digər tərəfdaş ölkələr haqqında belə fikirlər söyləməyə haqqı yoxdur. Qazaxıstanda baş verən son hadisələri xatırlatmaq istərdim. Bu, Ermənistana ehtiyacı olanlar üçündür. Əminəm ki, cənab Lukaşenko özü yaxşı başa düşür Ermənistan kimə lazım idi və hələ də kimə lazımdır”.
Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Vaan Unanyan isə bildirib ki, Lukaşenkonun bu bəyanatının Ermənistana aidiyyəti yoxdur, öz daxili auditoriyası üçün bu fikri səsləndirib.
Unanyanın bu fikirlərindən hansı nəticəni çıxarmaq olar?
Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Lukaşenkonun bu bəyanatı, əslinə qalsa, həm də bizə aiddir: “Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələr üçün çox ciddi bir təhlükə yaranıb. O, birmənalı olaraq Putinin düşüncələrini səsləndirib. Hansısa formada SSRİ-ni bərpa etməyi düşünür. Ən zəif halqalardan başlayır. Bilir ki, bu ittifaqa qoşulmaqla bağlı Ermənistanda da kifayət qədər bəyanatlar oldu. Təbiidir ki, növbədə Ermənistandır. Bizim də müstəqilliyimiz üçün ən ciddi təhlükə indi yaranıb. Proseslərin önündə Ukrayna gedir. Həmin ölkə nəyin bahasına olursa-olsun dayanmalıdlr. Ukrayna bu İttifaqa qoşulsa, hər şey bitdi. Ermənistan könüllü də olsa gedib ora qoşulacaq. Ermənistan rəsmisi məsələni bu kontekstdə dəyırləndirir ki, gedən proses yalnız onlarla bağlı deyil. Yəni Lukaşenko keçmiş MDB ölkələri ilə bağlı məsələyə münasibət bildirərkən, öz daxili auditoriyasına mövzunu izah edərkən onların da adını çəkib. Ermənistan bu 30 ildə sübut etdi ki, onun müstəqil siyasət yürütmək kimi qabiliyyəti yoxdur”.
Məhəmmədəli QƏRİBLİ