Hazırda postmünaqişə dövrü olmasına baxmayaraq, Soros fondu Ermənistandakı layihələrin həyata keçirilməsi üçün vəsait xərcləməkdə davam edir. Məsələn, 2021-ci il ərzində bu fondun ayırdığı 1,2 milyon dollar vəsait Ermənistanda müxtəlif şəxslərə qrant şəklində paylanıb.
Bu fikirlər “İravnyuk” nəşrində dərc olunan eyniadlı analitik məqalədə yer alıb. Bildirilib ki, fond bu dəfə fiziki şəxslərə qrant ayırmayıb. Redaksiyanın apardığı araşdırmalardan aydın olur ki, bu dəfə qrant ayrılanlardan biri “İnkişaf və hüquq müdafiəsi” fondunun həmtəsisçilərindən biri, parlamentdəki “Vətəndaş müqaviləsi” hakim fraksiyasına daxil olan Harusyak Culxakyandır. O da bəlli olur ki, sifətinə Mona Lizanın mübhəm təbəssümü hopmuş bu xanım deputat Soros fondundan 24,5 min, ona yaxın olan Jenya Mailyanın “Real adamlar və real dünya”sı 24 min 668, ona heç də kənar adam sayılmayan Vayolet Çopunyanın “Hüquq İnkişafı Mərkəzi” 37 min 750, hüquq müdafiəçilərini koordinasiya edən Zarui Hovhanesyan 28 min, Daniel İonasyanın “Məlumatlı Vətəndaşlar İttifaqı” 50 min, Lusine Vasilyanın “Mandat”ı 70 min, “Diskriminasiyaya qarşı və birlik naminə”si 43 min 100, Edik Bağdasaryanın “Araşdırmaçı jurnalistlər”i 90 min dollar və “soros dəyərləri”nin digər keşikçiləri ümumilikdə 1,2 milyon dollar qrant alıb.
Yazıda diqqətçəkən məqam odur ki, qrant alanların arasında dövlət məmurları, iqtidar deputatları, hətta səfirlər də var. Bu şəxslərin hamısı 2021-ci il parlament seçkilərində bu və yaxud digər dərəcədə fəallıqları ilə seçilib.
Məqalə bu sualla tamamlanır: “Bütün bunların demokratiya ilə nə əlaqəsi var və nəyə görə bu hallar öz adı ilə - korrupsiya adlandırılmır”.
Adətən Soros ölkələrdəki müxalif dairələrə qrantlar ayırır ki, hakimiyyətləri dəyişsinlər. Ermənistanda bu layihələri hakmiyyətə yaxın dairələrə vermələri olduqca maraqlı görünür. Məqsəd nə ola bilər?
Hüquq müdafiəçisi Əhməd Şahidov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bütün bunlar Ermənistanda bir sıra dairələrin hələ də Sorosun təsiri altında olduğunu isbatlayır: “Təsadüfi deyil ki, cənab Prezident bugünlərdə etdiyi çıxışda Sorosla Paşinyanı bir-birinə çox yaxın adam kimi xarakterizə etdi. Ermənistanda Paşinyanı hakimiyyətə gətirən də məhz Soros maliyyəsi olub. Onlara hətta “Sorosun uşaqları” da deyirlər. Sorosun Ermənistanda hakim dairələrə maliyyə ayırmasının iki səbəbi var. Birincisi, Rusiyanın Ermənistanda təsirini azaltmaq, ikincisi isə korrupsiya amilidir. Paşinyan pulu öz komandası arasında bölür ki, vəsait kənara getməsin.
Prezident çıxışında dedi ki, Soros deyəndə təkcə Corc Soros nəzərdə tutmulmur. Bu bir anlayışdır, bu bir hərəkətdir, dağıdıcı bir hərəkətdir, yırtıcı bir hərəkətdir, bu, müstəmləkəçi bir hərəkətdir. Ermənistanda Soros fondunun yaranma və fəaliyyət tarixinə nəzər yetirsək, bu, Prezident Köçəryanın dövründən başlayır, lakin dövlət sisteminə nüfuz etmələri Paşinyanın hakimiyyəti dövründə baş verib.
Paşinyan baş nazirliyinin əvvəlində təhlükəsizlik sahəsindəki yüksək vəzifələrə köhnə hakimiyyət mənsublarını təyin edir və komandasının üzvlərini isə daha sosial-iqtisadi bloka yerləşdirmişdisə, 2018-in dekabr ayında keçirilmiş son parlament seçkilərindən sonra mövqeyini möhkəmləndirərək tərəfdarlarını təyinat sahəsini genişləndirməyə başladı. Rusiyanın İrəvandakı səfirliyi qarşısında anti-Rusiya aksiyalarını təşkil edən həmin bu QHT-lər, fəallar və media qruplarıdır. ABŞ və Avropada 2018-ci il inqilabı zamanı istifadə edilən məxməri inqilab bacarıqlarına sahib olanlar məhz həmin şəxslərdir. Xatırladaq ki, Paşinyan kimi, bu qrupların hamısı Ermənistanın AİƏT və KTMT-dən çıxmasının tərəfdarı kimi çıxış edirdi”.
Məhəmmədəli QƏRİBLİ