Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından verilən məlumata görə, Azərbaycan Respublikası humanizm prinsipini rəhbər tutaraq, 7 fevral 2022-ci il tarixdə 8 nəfər erməni əsilli hərbi qulluqçunu Ermənistan tərəfinə qaytarıb. Həmin şəxslərin bir qismi 2021-ci ilin 16 noyabr tarixində Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində törətdiyi təxribatın qarşısı alınarkən saxlanılan hərbi qulluqçulardır.
Bildirilib ki, Azərbaycan tərəfinin humanitar xarakterli bu addımının əvəzində Ermənistan tərəfi birinci Ermənistan-Azərbaycan müharibəsində öldürülmüş və kütləvi məzarlıqlarda basdırılması ehtimal edilən hərbi və mülki Azərbaycan vətəndaşları haqqında məlumatları, habelə bu qəbildən olan kütləvi məzarlıqların yerləri barədə məlumatı Azərbaycan tərəfinə verməlidir.
Ermənistan Xarici İşlər Nazirliyi həmin hərbçilərin ölkələrinə geri dönməsini əks etdirən görüntülər paylaşıb.
Görüntülərdən məlum olub ki, erməni hərbçiləri Bakıdan İrəvana Fransa Hərbi Hava Qüvvələrinə məxsus təyyarə aparıb. Belə ki, təyyarənin üzərində Fransa bayrağı da olub.
Bununla yanaşı, təyyarəni İrəvanda Fransanın ölkədəki səfiri Ann Luyo və Avropa İttifaqının Ermənistandakı nümayəndəliyinin rəhbəri Andrea Viktorin qarşılayıb.
Əsirlərin verilməsində vasitəçiliyi adətən Rusiya edirdi. Bir dəfə də Gürcüstanın vasitəçiliyi ilə bu baş tutub. Fransanın bu yöndə olan səylərinə hansı qiyməti vermək olar?
Politoloq Qabil Hüseynli “Bakı-Xəbər”ə bildirdi ki, Fransa hər zaman fəal siyasəti ilə seçilən ölkədir: “Hazırda Avropada hegemonluq üstündə onunla Almaniya arasında ciddi rəqabət gedir. Fransada prezident seçkiləri gəlir. Bu məqsədlə Makron Fransada olan çoxminlik miqrant əsilli elektoratı öz ətrafında birləşdirmək istəyir. Bu, ümumi Fransa əhalisinin 4-5%-ni təşkil etsə də belə, yaddan çıxarmaq olmaz ki, Makronun bu seçki marafonunda rəqibləri olduqca güclüdür. Nəzərə almaq lazımdır ki, əsas rəqiblərdən biri olan Valeri Pekress Rusiyaya yaxın adamdır. Makron həm də güclü erməni diasporunun səsini qazanmaq istəyir. Buna görə də Qavqaz istiqamətində də fəallığı artırıb.
Keçən ilin sonlarında Brüssel görüşləri zamanı Fransanın təşəbbüsü ilə Azərbaycan və Ermənistan rəhbərləri ilə görüşlər keçirildi. Bir müddət bundan qabaq Brüssel, sülh platformasının davamı kimi, Fransanın da iştirak etdiyi dördtərəfli görüşün baş tutması onu deməyə əsas verir ki, Fransa öz xarici siyasətində müyyən dərəcədə korrektələr etməyə məcbur olub. Görüşə dair bəyanatda Qarabağ haqqında fikirlərin yer almaması, Fransanın görüşdə ATƏT-in həmsədri qismində iştirak etməməsi maraqlı göründü. Aİ-nin Azərbaycana ilkin variantdan nəzərəçarpacaq dərəcədə fərqli olaraq maliyyə paketinin ayrılması və bu məsələlərdə Fransanın sakit mövqe sərgiləməsi buna bariz nümunə ola bilər. Yeni formatlı sülh görüşündən sonra isə Azərbaycan tərəfindən 8 erməni əsirinin məhz Fransa təyyarəsi vasitəsilə İrəvana çatdırılması rəsmi Bakı tərəfindən Fransanın konstruktiv mövqeyinə cavab və eyni zamanda, Azərbaycanın humanist addımı kimi qiymətləndirilir”.
Məhəmmədəli QƏRİBLİ