Böyük Britaniyanın Ermənistandakı səfiri Con Qalaher ölkə mətbuatına geniş müsahibə verib. Qalaher Ermənistanla Britaniyanın diplomatik münasibətlərinin 30 illiyi ilə bağlı bir sıra məsələlərə toxunub. O cümlədən Qarabağ məsələsinə toxunan səfir reallığa söykənməyən fikirlər səsləndirib.
Səfir deyib ki, Britaniya hökuməti Dağlıq Qarabağ münaqişəsini həll edilmiş və keçmişdə qalmış hesab etmir, həmsədr dövlətlər formatında hərtərəfli tənzimlənmə danışıqlarının aparılmasını zəruri sayır: “Böyük Britaniyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi dəyişməyib. Biz münaqişəni həll olunmuş hesab eləmirik. Böyük Britaniya Dağlıq Qarabağ konfliktinin mümkün qədər tez və ATƏT-in Minsk Qrupu həmsədrlərinin əsas prinsipləri əsasında hərtərəfli nizamlanmasını istəyir. Biz amerikalı, fransız və rusiyalı həmsədrlərin səylərini tam dəstəkləyirik və tərəfləri danışıqlar prosesində konstruktivlik nümayiş etdirməyə çağırırıq”.
Böyük Britaniya Azərbaycanla çox yaxın siyasi-iqtisadi münasibətlərə və əlaqələrə malikdir. O baxımdan İngiltərə səfirinin diplomatik normalardan kənara çıxaraq belə fikirlər səsləndirməsi təəccüblüdür.
Maraqlıdır, Britaniya səfiri niyə belə bir açıqlama verib? Bu, Britaniya kimi ölkə üçün nə deməkdi?
“Hesab edirəm ki, bu, səfirin öz fəaliyyətidir və görünür erməni təsirinə düşüb”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə aspektdən yanaşdı: “Hesab edirəm ki, Ermənistanda Böyük Britaniya səfirinin qeyd etdikləri rəsmi Londonun mövqeyini əks etdirmir. Bəzən səfirlər təmsil olunduğu ölkənin siyasətinə uygun fikir bildirmir. Bu da təmsil olunduğu ölkənin rəsmi siyasəti ilə uyğunsuz olur. Nəzərə almalıyıq ki, məhz rəsmi London müharibənin gedişində Azərbaycana dəstək verib. Söhbət ondan gedir ki, 2020-ci il noyabrın 6-da BMT Azərbaycanın mənafeyinə uyğun olmayan qətnamə qəbul etmək istəyirdi. Ancaq Təhlükəsizlik Şurasının daimi üzvü olan Böyük Britaniya buna imkan vermədi. Təəssüflər olsun ki, diplomat C.Qalaher başından böyük danışır. Ermənilərə xoş olsun deyə, belə məsuliyyətsiz fikirlər səsləndirir. Ümumiyyətlə, münaqişə bitib və bizə nəyi müzakirə etmək lazımdırsa, onu müzakirə edirik. İngiltərə hökuməti bu istiqamətdə açıqlama vermir. Hesab edirəm ki, bu, səfirin öz fəaliyyətidir və görünür erməni təsirinə düşüb. Heç Nikol Paşinyanın özü artıq bu məsələlər ətrafında danışmır. Düşünürəm ki, Ermənistanda müəyyən qüvvələr Azərbaycanla İngiltərənin əməkdaşlığına zərbə vurmağa çalışır. Səfir də burada alət rolundadir. Ona görə də bundan çıxış edib, Böyük Britaniya ilə əlaqələri pozmaq olmaz”.
Bu baxımdan politoloq hesab edir ki, sözügedən məsələ ilə bağlı sadəcə İngiltərə XİN-ə məlumat vermək lazımdır.
Vidadi ORDAHALLI