Məlum olduğu kimi, Azərbaycan 8 nəfər erməni əsilli hərbi qulluqçunu Ermənistan tərəfinə qaytarıb. Həmin şəxslərin bir qismi 2021-ci ilin 16 noyabr tarixində Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində törətdiyi təxribatın qarşısı alınarkən saxlanılan hərbi qulluqçulardır.
Azərbaycan tərəfinin humanitar xarakterli bu addımının əvəzində Ermənistan tərəfi birinci Ermənistan-Azərbaycan müharibəsində öldürülmüş və kütləvi məzarlıqlarda basdırıldığı ehtimal edilən hərbi və mülki Azərbaycan vətəndaşları haqqında məlumatları, habelə bu qəbildən olan kütləvi məzarlıqların yerləri barədə məlumatı Azərbaycan tərəfinə verməlidir.
O da məlumdur ki, bundan əvvəl dəfələrlə erməni diversantlar mina xəritələri müqabilində Ermənistana təhvil verilib. Ancaq bunun qarşılığında qarşı tərəf öz öhdəliklərinə əməl etməyib. Söhbət ondan gedir ki, diversantların müqabilində verilən mina xəritələrinin çoxu saxta çıxdı. Həmin xəritələrin vur-tut yüzdə 25-i minalanmış ərazilərin yerini düzgün əks etdirib. O baxımdan hardan əmin olmaq olar ki, Ermənistan Birinci Qarabağ müharibəsində öldürülmüş və kütləvi məzarlıqlarda basdırılmış şəxslər barədə məlumatları düzgün şəkildə Azərbaycana verəcək?
“Ermənistan kütləvi məzarlıqlarla bağlı da cığallıq etsə, o zaman vasitəçilik edənlər fakt qarşısında qoyulmalıdır”
Məsələyə münasibət bildirən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevin fikrincə, əsla Ermənistanın bununla bağlı verdiyi sözə inanmaq olmaz: “Ermənilərə heç vaxt, heç nədə inanmaq olmaz. Onları yalnız nəyəsə məcbur etmək olar ki, hansısa öhdəlikləri yerinə yetirsinlər. Dəfələrlə onlar beynəlxalq səviyyədə vasitəcilik çərçivəsində vədlər veriblər, amma ona əməl etməyiblər. O baxımdan istisna deyil ki, bu dəfə də verdikləri sözdən yayınacaqlar. Onların dövlət rəsmiləri indidən interpretasiya ilə məşğuldular. Deyirlər ki, biz hansısa öhdəlik götürməmişik. Erməni diversantları amili bizim əlimizdə vasitədir və lazım gələndə biz bundan istifadə etməliyik. Səbrlə biz məqsədlərimizə doğru getməliyik. Məsələn, Avropa İttifaqı əvvəl Azərbaycana 140 milyon avro, Ermənistana isə 2,6 milyard avro vəd edirdi. Azərbaycanın apardığı siyasət nəticəsində bu ədalətsiz yanaşma dəyişdi. Aİ Azərbaycana ediləcək yardımı 2 milyard avroya qaldırdı. Bu baxımdan hesab edirəm ki, Ermənistan kütləvi məzarlıqlarla bağlı da cığallıq etsə, o zaman vasitəçilik edənlər fakt qarşısında qoyulmalıdır. Bu, siyasətdir. Bəli, bizə qarşı ikili standartlar, ədalətsiz yanaşmalar var. Ancaq biz səbrlə prosesləri öz xeyrimizə dəyişməliyik. Bu o deməkdir ki, istənilən nəticəni əldə etmək üçün biz erməniləri məcbur etməliyik və onları fakt qarşısında qoymalıyıq. Elə vəziyyət yaranıb ki, Ermənistan böyük dövlətlər üçün cazibədarlığını itirir. Hətta prezident Aleksandr Lukaşenko son müsahibəsində dedi ki, Ermənistan kimə lazımdır? Avropanın qazla təmin olunmasında Azərbaycanın maraqları Qərblə üst-üstə düşür. Bunu görməzdən gəlmək mümkün deyil. Fransa kimi ermənipərəst ölkə Azərbaycana münasibətini dəyişir. Perezident Makronun timsalında biz bunu gördük. Bunun nəticəsi idi ki, Ermənistanın da iştirakı ilə məlum son görüşdə status barədə heç nə deyilmədi. Həmçinin, Ermənistan tərəfinin gündəmə gətirmək istədiyi digər məsələlər müzakirə edilmədi. Bunun nəticəsidir ki, ermənilərin radikal kəsimi Aİ-ni Ermənistanı qaza satmaqda ittiham edir”.
Bir sözlə, partiya sədri hesab edir ki, biz erməniləri fakt qarşısında qoymalıyıq və onların riyakar olduğunu dünyaya düzgün anlatmalıyıq.
Vidadi ORDAHALLI