Ötən ilin ortalarında Avropa İttifaqının Ermənistana 2.6 milyard avroluq yardım paketi ayırması, bunun müqabilində isə Azərbaycana cəmi 150 milyon avroluq yardım nəzərdə tutulması bir çox suallar doğurdu.
Avropa İttifaqında yaxşı bilirlər ki, 30 illik işğal dövründə Ermənistan həmin əraziləri tamamilə dağıdıb və talan edib. Oranın bərpası ilə bağlı milyardlarla vəsait tələb olunur. Necə olur ki, zərər çəkən Azərbaycan, yardım isə Ermənistana ayrılır? Avropa İttifaqının Azərbaycana 150 milyon avro, Ermənistana 2,6 milyard avro yardım ayırması növbəti ikili standart idi. Bu məntiqlə, Avropa İttifaqı Azərbaycana ən azı 5 milyard avroluq yardım paketi ayırmağa borclu idi.
Avropa İttifaqının ayırdığı kreditlərin bölgüsünün ədalətli olmaması ilə bağlı ən kəskin mövqeyi Prezident İlham Əliyev ortaya qoydu. Prezident İlham Əliyev Şarl Mişellə görüşdə təklif etdi ki, Avropa Komissiyası özünün fondları vasitəsilə Azərbaycanda minalardan təmizləmə prosesinin maliyyələşdirilməsini nəzərdən keçirsin. Yəni ayrılacaq vəsait Azərbaycana deyil, minaların təmizlənməsi ilə məşğul olan Avropa şirkətlərinə verilsin. Bundan sonra isə həmin şirkətlər Azərbaycana gələrək əməliyyatlara başlasınlar. Çünki Azərbaycan üçün fiziki olaraq bunu qısa müddətdə etmək mümkün deyil.
“Burada çox böyük fərq var, bu ədalətsizlikdir…”
İlham Əliyev onu da vurğuladı ki, Azərbaycanın ehtiyacları minaların təmizlənməsi ilə məhdudlaşmır. Çünki işğal dövründə hər şey dağıdılıb. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, Ermənistana maliyyə töhfəsinin səviyyəsi - istər ianə olsun, istərsə də kredit - Azərbaycanla eyni olmalıdır.
Amma maraqlısı odur ki, Avropa İttifaqının bu yaxınlarda elan etdiyi dəstək paketində Ermənistana 2,6 milyard dollar, Azərbaycana isə, sadəcə, 140 milyon avro vəsait ayrılacaq. Yəni burada çox böyük fərq var, bu ədalətsizlikdir.
Prezident haqlı olaraq qeyd edib ki, bu bir çox müşahidəçiləri təəccübləndirən fakt və Azərbaycan əhalisi üçün də çox xoşagəlməz bir sürpriz oldu. Ayrılan vəsaitə diqqət etsək görərik ki, fərq təqribən 20 dəfə çoxdur.
Bunun ədalətli və hər iki ölkənin real ehtiyaclarına müvafiq bölgü olmadığını söyləyən dövlət başçısı deyib ki, hətta azad olunmuş ərazilərdə Ermənistan tərəfindən törədilmiş dəhşətli dağıntıları kənara qoysaq belə, hər iki ölkənin əhalisinin sayına nəzər salsaq, fərqin 5 dəfədən çox olduğunu görərik: “Azərbaycanın əhalisi 10 milyon, Ermənistanda isə 2 milyon. Bundan əlavə, işğal illəri ərzində Livanın sahəsinə bərabər ərazilər tamamilə dağıdılıb... Eyni zamanda, bizim hesablamalara görə, orada 1 milyona yaxın mina basdırılıb. Minaları təmizləmə prosesi olduqca baha başa gəlir və çox vaxt aparır. Ermənistanda heç bir dağıntı yoxdur. Bu ölkə işğal edilməmişdi, o özü işğalçı idi. Fiziki cəhətdən belə Ermənistanın iqtisadiyyatı bu nəhəng həcmli paketi mənimsəyə bilməz”.
Göründüyü kimi, məsələ çox təəccüblü idi. Qeyd edək ki, hətta Aİ bu paket elan edildikdən sonra Şarl Mişel Azərbaycana səfər etmişdi. Prezident İlham Əliyev müsahibəsində də qeyd edib ki, bu səfər zamanı mövzu müzakirə edilib və Azərbaycanın istəyi açıq şəkildə elan edilib: “Biz istəyirik ki, yanaşma vahid standartlara əsaslansın. Biz ədalət istəyirik və əlbəttə, Azərbaycana eyni şərtlərlə, eyni həcmdə vəsaitin verilməsini istəyirik”.
Aİ qismən də olsa yanlışını düzəltdi…
Ptezidentin bu cür prinsipial və qətiyyətli mövqeyindən sonra Aİ, tam da olmasa, bir qədər yanlışını düzəltdi.
Bu arada Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Avropa İttifaqının (Aİ) qonşuluq və genişlənmə üzrə Komissarı Oliver Varhelyi arasında görüş baş tutub. Xarici İşlər Nazirliyindən verilən xəbərə görə, görüşdə nazir Ceyhun Bayramov Azərbaycan və Aİ arasında münasibətlərin bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf etdiyini bildirib. Aİ Komissarlarının iştirak etdiyi Cənub Qaz Dəhlizi Məşvərət Şurası VIII toplantısının uğurla keçirildiyinə istinad edən Ceyhun Bayramov enerji sahəsində Aİ ilə strateji tərəfdaşlığın inkişafını məmnunluqla vurğulayıb. Nazir bölgədə mövcud olan cari vəziyyət, Ermənistanla münasibətlərin normallaşması və delimitasiya prosesi, eləcə də mina təhlükəsi kimi məsələlər barədə qarşı tərəfə məlumat verib. O, həmçinin, bölgədə həyata keçirilən bərpa və yenidənqurma işləri və bu xüsusda Aİ-nin mümkün rolundan danışıb.
Komissar Oliver Varhelyi Aİ üçün Azərbaycanla tərəfdaşlıq münasibətlərinin böyük əhəmiyyət kəsb etdiyini və bu münasibətlərin daha da gücləndirilməsinin vacib olduğunu qeyd edib. Azərbaycanın Aİ-nin etibarlı tərəfdaşı olduğunu vurğulayan Komissar iqtisadi sərmayə planı çərçivəsində Azərbaycana 2 milyard avroluq maliyyə paketinin ayrıldığını bildirib və bu çərçivədə konkret layihələrin reallaşmasının nəzərdən keçirildiyini qeyd edib. O.Varhelyi, habelə, Aİ-nin Azərbaycanda həyata keçirilən bərpa və yenidənqurma prosesində iştirak etməyə hazır olduğunu ifadə edib.
Prezidentin qətiyyətli mövqeyi nəticəsində əldə olunan bu nəticəni ictimai və dövlət maraqlarının müdafiəsinin ən bariz nümunəsi saya bilərik.
Məhəmmədəli QƏRİBLİ Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.