Xəbər verildiyi kimi, Fransa prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel arasında videoformatda görüş keçirilib.
Qeyd edək ki, Azərbaycan və Ermənistan liderləri bu illər ərzində müxtəlif görüşlər keçiriblər. Ancaq belə formatda ilk dəfədir görüşün şahidi oluruq. Görüşün eyni zamanda Makronun və digər Fransa nümayəndəsinin iştirakı ilə keçirilməsi çox maraqlıdır və belə bir sual yaradır: Makron niyə belə bir təşəbbüslə çıxış edib?
Təhlükəsizlik məsələləri üzrə ekspert Elşən Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Fransanın bu fəallığının çox əsaslı səbəbləri var: “İş burasındadır ki, bu ilin başlanğıcında Avropa İttifaqına sədrlik Fransaya keçib və Paris bütün istiqamətlərdə istər-istəməz fəallıq nümayiş etdirməlidir. Biz Fransanın bənzər fəallığını Ukrayna ilə bağlı yaranan vəziyyətdə də görürük. Avropa İttifaqının hazırkı sədri Fransa Azərbaycanla Ermənistan arasında moderatorluğa da çalışır. Azərbaycan bunun əleyhinə deyil. Ancaq Fransanın moderatorluğu Azərbaycanda suallar doğurur. Çünki Fransadakı siyasi dairələr Ermənistanın mövqeyini müdafiə etdiklərini gizlətmir, ayrı-ayrı siyasətçiləri isə Qarabağ separatçılarına dəstək ifadə edirlər.
Makronun fəallığının digər səbəbi isə iki aydan sonra baş tutacaq seçkilərlə bağlıdır. Bu fəallıqla həm də erməni diasporunun dəstəyini qazanmaq istəyir. Fransa həm də ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsidir. Bu mənada, Fransanın prosesə qayıtmasının həm də Minsk Qrupu formatının yenidən dirilməsi ilə nəticələnə biləcəyi ehtimallarını yaradır. Rəsmi Paris bilir ki, Azərbaycan bu formatı qəbul etmir. Buna görə də, Fransa bu addımları, həmsədr ölkədən çox, Avropa İttifaqına sədrliyi qəbul etmiş ölkə kimi atır. Şarl Mişel və Emmanuel Makronun birgə görüşü sonrası açıqladığı bəyanatda Minsk Qrupuna istinad edilməyib”.
Məhəmmədəli QƏRİBLİ