Suqovuşan-Kəlbəcər istiqamətində hərəkət edən Azərbaycan avtomobilini rus sülhməramlıları ilə yanaşı Qarabağdakı erməni separatçısının yoxlaması etirazlara səbəb olub.
Həmin marşrutla hərəkət edən avtomobillərin növbəti yoxlamasının çəkilişi aparılıb. Avtomobilləri Rusiya sülhməramlıları yoxlayır. Lakin videoda etirazla qarşılanan görüntülər meydana çıxıb. Belə ki, videoda polis uniforması geyinmiş erməni separatçısının Rusiya sülhməramlıları ilə birlikdə Suqovuşan-Kəlbəcər marşrutu ilə hərəkət edən Azərbaycan avtomobilini yoxladığı görünür. Buna Rusiya sülhməramlıları niyə aydınlıq gətirmir?
Hərbi-siyasi ekspert, ehtiyatda olan polkovnik-leytenant Daşdəmir Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Rusiya sülhməramlı qüvvələri Azərbaycanın yük avtomobillərinin Suqovuşan-Kəlbəcər yolunda erməni separatçıları tərəfindən yoxlanılmasına şərait yaratması növbəti təzyiq metodudur: “Rusiya bununla Azərbaycanı separatçıları bir tərəf kimi qəbul etdirməyə sövq edir. Azərbaycan ərazisində qondarma erməni polisi və silahlı erməni birləşmələrinin mövcudluğu və Rusiyanın onları qəbul etməsi və bizə də qəbul etdirmək planına qarşı ciddi şəkildə hərəkətə keçilməlidir. Rusiyanın mövqeyi ondan ibarətdir ki, Qarabağda separatçı rejim fəaliyyət göstərsin. Azərbaycanın yük maşınlarını nə sülhməramlı qüvvələr, nə də erməni separatçıları yoxlaya bilməz. Belə olan təqdirdə Azərbaycan Laçın dəhlizində belə bir yoxlama tətbiq etməlidir. Artıq neçənci dəfədir ki, Rusiya sülhməramlıları öz səlahiyyət hədlərini aşırlar. Təbiidir ki, Azərbaycanın bu haqlı etirazına Rusiya Müdafiə Nazirliyi tərəfindən aydınlıq gətirilməlidir”.
Məhəmmədəli QƏRİBLİ