“Ermənistan Azərbaycan və Rusiya ilə təmas xəttində təhlükəsizlik mexanizmlərinin yaradılmasını müzakirə edir”. Bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan jurnalistlərə müsahibəsində deyib.
Mirzoyanın sözlərinə görə, Ermənistan öz öhdəliklərinə sadiq qalır və ölkəsi Ermənistan, Rusiya və Azərbaycan başçılarının Soçi görüşündə razılaşdırılan delimitasiya üzrə komissiyanın yaradılmasına hazırdır: “İndi biz Azərbaycan və Rusiya ilə təmas xəttində təhlükəsizlik və sabitlik mexanizmlərinin yaradılması vasitələrini müzakirə edirik. Mən artıq müxtəlif təkliflərin verildiyini demişəm. Danışıqlar davam edir. Konkret olaraq Azərbaycan Ermənistanın son təkliflərinə mənfi reaksiya verdi. Amma proses davam edir. Prosesdə İrəvan üçün qəbuledilməz olan təkliflər də var idi”.
Mirzoyan daha əvvəl demişdi ki, Ermənistan tərəfi sərhədlərin demarkasiyası və delimitasiyası məsələsində Azərbaycan üçün qəbuledilməz məsələləri anlamağa çalışır.
Bu arada xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə birgə mətbuat konfransında Ermənistanın verdiyi təkliflərə münasibət bildirib. Nazir qarşı tərəfin yeni təkliflər verdiyini təstiqləyib. Nazirin sözlərinə görə, müəyyən mənada prosesə başlamaq üçün ilkin şərtlər irəli sürülüb: “Ermənistan tərəfi Komissiyanın işə başlaması üçün müəyyən şərtlər irəli sürüb. Azərbaycan heç bir qeyd-şərt olmadan bu prosesə açıq olduğunu bildirib”.
C.Bayramov onu da əlavə edib ki, sərhədlərin delimitasiyası məsələsində “kreativ” yanaşmalara ehtiyac yoxdur, beynəlxalq sərhədlər tanınmalıdır. 30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistanın sərhədlərin delimitasiyası ilə bağlı hər hansı bir şərt irəli sürməyə nə hüquqi, nə siyasi, nə mənəvi haqqı var.
Maraqlıdır, Mirzoyan nə deyir? Azərbaycana delimitasiya ilə bağlı nə təklif ediblər ki, Azərbaycan rədd edib?
“Təklifləri odur ki, qoşunlarımız əvvəlki mövqelərinə çəkilsin, ondan sonra delimitasiya və demarkasiya prosesinə başlanılsın”
Sözügedən məsələyə aydınlıq gətirən hərbi ekspert Ramil Məmmədli bununla bağlı bir sıra məqamlara toxundu: “Əvvəla, hər iki tərəf təkliflərin mahiyyətinin nədən ibarət olduğunu açıqlamayıb. Ötən ilin sonunda Soçidə Azərbaycan və Rusiya prezidentləri ilə Ermənistan baş naziri arasında baş tutan görüş zamanı tərəflər sərhədlərin delimitasiyası, demarkasiyası ilə bağlı komissiyanın yaradılmasına görə işlərin sürətləndirilməli olduğunu bildirib. Həmin görüşün nəticələri ilə bağlı hansısa ön şərt barədə fikirlər səslənməyib. Ancaq rəsmi İrəvan danışıqların uzanmasına hesablanmış yersiz şərtlərlə çıxış edir. Belə məlumatlar var ki, Ermənistan “güzgü prinsipi”ni şərt olaraq irəli sürüb. Bunun mahiyyəti ondan ibarətdir ki, qoşunlarımız əvvəlki mövqelərinə çəkilsin, ondan sonra delimitasiya və demarkasiya prosesinə başlanılsın. Söhbət Laçın və Kəlbəcərin Ermənistanla sərhəd olan hissələrindən gedir. Ancaq Azərbaycan buna getməyəcək. Nazir Ceyhun Bayramovun açıqlaması bir daha bunu sübut etdi. Ona görə ki, bunun heçbir siyasi, hərbi, hüquqi əsası yoxdur. Çünki Azərbaycan Ermənistan ərazisinə daxil olmayıb. Azərbaycan uzun illər işğal altında olan sərhədlərə nəzarəti bərpa edib. Azərbaycan 2021-ci ilin yazından etibarən Ermənistanın 30 illik işğalı dövründə irəli çəkdiyi dövlət sərhəddini praktiki olaraq bərpa etməyə başlayıb. Çünki may ayında dağlarda qar əriyəndən sonra biz öz sərhəddimizə çıxdıq. Ermənistan utanmadan bizə məxsus olan əraziləri, öz ərazisi kimi təqdim etməyə çalışır. Guya biz Ermənistan ərazisinə daxil olmuşuq. İndidə deyirlər ki, Azərbaycan həmin mövqelərdən geri çəkilsin, ondan sonra sərhədlər dəqiqləşdirilsin. Fikrimcə, Mirzoyanın dediyi “təkliflər” budur. Hansı ki, bu, tamamilə əsassızdır”.
Hərbi ekspert onu da qeyd etdi ki, prosesləri uzatmaq cəhdləri Ermənistanın ziyanına olacaq.
Vidadi ORDAHALLI