Sosial şəbəkələrdə Rusiya sülhməramlılarının Suqovuşandan Kəlbəcərə gedən Azərbaycanın maşın karvanını yoxlamasına aid videolar paylaşılıb.
Özü də necə? Bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı videokadrlara baxdıqda, adam heyrətlənir. Rus hərbçilər bir-bir yük yerlərinə baxmaqla kifayətlənmir, hətta kabinalara qalxıb, içərisinə baxırlar. Bu maşınlar Azərbaycan ərazisində hərəkət edir və lazım olsa, Azərbaycanın müvafiq qurumları tərəfindən yoxlanılırlar. Yəqin ki, polis postlarında belə bir yoxlama həyata keçirilir. Bəs, sülhməramlı niyə yoxlamalıdır? Suqovuşandan yola çıxan yük maşınlarımızın son marşrutu Kəlbəcərdir, deməli, zəruri yük həmin ünvana çatdırılmalıdır, bunun rusa nə aidiyyəti var? Bir də ki, axı, biz Laçın dəhlizində, Azərbaycan-Ermənistan sərhədində dayanmış Rusiya sülhməramlılarından ermənilərə analoji münasibət görməmişik. Belə olan təqdirdə Kəlbəcərə gedən azərbaycanlıları hansı ixtiyarla təftiş edirlər? Çoxdandır Rusiya sülhməramlıları öz adlarına layiq bir “tamaşa” ilə qarşımıza çıxmırdılar. Ancaq sülhməramlı fəaliyyətindən başqa hər məsələdə öncül olan bu kontingent üçün görünür sözügedən fasilə olduqca uzun hesab edilib.
Odur ki, yaydıqları video ilə növbəti rüsvayçılığa imza atıblar. Artıq “betərin betəri var” xalq deyimini dəfələrlə öz əməlləri ilə sübut edən Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti xidmət aparan Rusiya sülhməramlılarının yenidən ermənilərlə çiyin-çiyinə görüntüləri yayılıb. Özü də bu dəfə artıq hədlərini sözün əsl mənasında tamamilə aşıblar. Ortaya çıxan mənzərə sadəcə qəbuledilməzdi.Azərbaycan tərəfinin sülhməramlıların nəzarətindəki ərazidən keçən avtomobillərinə, yük maşınlarına sülhməramlılar baxış keçirir. Ancaq yanlarında separatçıların nümayəndələri - “polisləri” və hərbi forma geyinmiş terrorçular var.
Buna nə ad vermək olar?
Hərbi-siyasi ekspert, ehtiyatda olan polkovnik-letenant Daşdəmir Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki,
Rusiya sülhməramlılarını Qarabağda terrorçularla birlikdə hərəkət edir desək, yanılmarıq: “Təsəvvürə gətirmək çətin olsa da, məsələ məhz belədir, Azərbaycanın torpaqlarında hansısa separatçı terrorçu bizim vətəndaşımızın avtomobilini yoxlamağa cürət edir və bu cürəti onlara missiyası sülhə töhfə vermək olan sülhməramlılardan alır. Məhz sülhməramlıların yarıtmaz fəaliyyəti, öz işinə laqeyd və saymazyana münasibəti həmin terrorçuların hədlərini aşmasına zəmin yaradıb.
Halbuki sülhməramlılar və onların biganəliyindən ürəklənən separatçı quldurlar, terrorçular unutmamalıdırlar ki, onların aşmağa cürət etdikləri hədləri Azərbaycan müəyyən edir və kimsə həddini aşırsa onlara yerini göstərmək də çətin deyil.
İstənilən halda Rusiya sülhməramlıların komandanlığı bu rüsvayçı görüntülərə münasibət bildirməli və zəruri addımları atmalıdır. Çünki sözügedən vəziyyət – terrorçularla çiyin-çiyinə “yoxlama” aparmaq hər şeydən əvvəl şimal qonşumuzun öz imicinə xələl gətirən haldır.
İstər Rusiya sülhməramlıları, istərsə də erməni separatçıları bilməlidirlər ki, bu cür mənzərənin ortaya çıxması Azərbaycan üçün qırmızı xəttin keçilməsi anlamına gələ bilər. Rusiyanın da üzərinə götürdüyü öhdəliklə Qarabağda bir nəfər də olsun silahlı qalmamalıdır. Onlar isə əksinə, separatçılarla çiyin-çiyinə xidmət aparmaqla öz missiyalarına hörmətsizlik edirlər. Bu rüsvayçılığın qarşısı alınmasa, Azərbaycan yenidən öz “dəmir yumruğunu” işə salmalı olacaq”.
Məhəmmədəli QƏRİBLİ