“Biz əgər danışıqlardan çıxsaydıq, başlayacaqdılar bizi ittiham etməyə”. Bunu Prezident İlham Əliyev Gənclər Forumunda gənclərin suallarını cavablandırarkən bildirib.
Ölkə başçısı mənasız Qarabağ danışıqlarının nə üçün uzun çəkməsi ilə bağlı maraqlı məqama toxunub: “Onsuz da biz bunu bilirdik və mən artıq bunu demişəm. Sirr deyil, uzun illər artıq mən görürdüm ki, danışıqlar yolu ilə, mənasız, boş-boş danışıqlar yolu ilə bu məsələ həll olunmayacaq. Danışıqlardan nə üçün çıxmırdıq, onu da deməliyəm. Çünki biz əgər danışıqlardan çıxsaydıq, başlayacaqdılar bizi ittiham etməyə. Onsuz da bu məsələ ilə məşğul olanlar fürsət axtarırdılar ki, bütün o yükü yıxsınlar bizim üzərimizə. Onsuz da 1993-cü ildə qəbul edilmiş 4 qətnaməni elə bil ki, kənara qoymaq istəyi olmuşdur. Halbuki, orada açıq-aydın göstərilir ki, erməni qüvvələri dərhal və qeyd şərtsiz bizim torpaqlarımızdan çıxmalıdır. Ona nəinki əməl edilmədi, eyni zamanda, biz onu unutdurmaq istəyi ilə də üz-üzə gəldik. Ona görə mən çoxdan bilirdim ki, müharibə qaçılmazdır. Ordumuzun gücləndirilməsi və bütün digər tədbirlər bu məqsədi güdürdü”.
Məlum olur ki, nəticəsiz Qarabağ danışıqlarının bu qədər uzanmasının arxasında bəlli məqsədlər olub. Ancaq ölkə başçısının təmkinli və uzaqgörən siyasi gedişləri ölkəmizə yönəlik planları alt-üst etdi.
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən politoloq Tural İsmayılovun sözlərinə görə, cənab ptezidentin toxunduğu məqamlar çox önəmli məsələlərdir: “Nəzərə almaq lazımdır ki, həm 44 günlük Vətən müharibəsi gedişində, həm ondan sonra əsasən Qərbin imperialist qüvvələrinin çoxvektorlu provakasiyalarına və saxtakarlıq hücumlarına məruz qaldıq. Vətən müharibəsi vaxtı Avropanın demokratiyadan və insan haqlarından danışan təşkilatları Azərbaycanın haqq işini müdafiə etmək əvəzinə, erməni lobbisinin əlaltısına çevrildilər. O cümlədən, özünü demokratik dəyərlərin mərkəzi hesab edən Fransa bütün beynəlxalq hüquqa tüpürərək təcavüzkarın yanında durdu. Hansı ki, Azərbaycan beynəlxalq hüquqa söykənərək ərazi bütövlüyünü təmin edirdi. Ona görə də Fransa kimi dövlətlər istəyirdilər ki, mənasız danışıqlar sonsuza qədər davam etsin. Çünki onlar təcavüzkarı cəzalandırmaq istəmirdilər. Həmin Frandsadır ki, öz vətəndaşını qanunsuz olaraq Qarabağa göndərir. Bax belə ikili siyasətə məruz qalırıq. Əvvəllər yeri gəldi-gəlmədi həmsədrlar Qarabağ məsələsinin yalnız sülh yolu ilə həll edilməsinin vacibliyini qabardırdılar. Bir dəfə də olsun hansısa formada təcavüzkar tərəfə sanksiyaların tətbiq olunması gündəmə gətirilmədi. Prezidentin apardığı uğurlu xarici siyasət sayəsində ölkəmizə yönəlik planlar iflasa uğradı. Xüsusən də Qoşulmama Hərəkatında təmsil olunan dövlətlərin dəstəyi imkan vermədi ki, 1993-cü ildə qəbul olunan 4 qətnamələr BMT-də kənara qoyulsun. Çünki həmin qətnamələr əsas sənədlərdən biri hesab olunurdu. Ölkəmizin ərazi bütövlüyünün bərpası zamanı həmin sənədlər əsas götürüldü. Azərbaycanın qlobal müstəvidə öz mövqelərini gücləndirməsi həm müharibə dövründə, həm də ondan sonrakı dövrdə üstünlüyümüzü təmin etdi. Bu baxımdan hesab edirəm ki, biz bundan sonra da daha diqqətli olmalıyıq. Çünki BMT kimi bir təşkilatın çıxardığı qətnamələri unutdurmağa çalışan qüvvələr hər zaman pusquda dayanıblar. O cümlədən, erməni kartından istifadə etməyə çalışırlar”.
Bu baxımdan politoloq hesab edir ki, Azərbaycan daim ayıq-sayıq olmalıdır.
Vidadi ORDAHALLI