Ağ Evin mətbuat xidmətinin yaydığı məlumata görə, ABŞ prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanla Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın arasında növbəti telefon danışığı olub. Qeyd edilir ki, əsas müzakirə mövzularından biri Türkiyə-Ermənistan münasibətlərin normallaşması prosesi olub.
İki ölkə rəsmisi Azərbaycan və Ermənistan arasında davamlı sülhün bərqərar olmasının regionun sabitliyi və rifahı üçün vacibliyini vurğulayıblar. Onlar Türkiyə-Ermənistan münasibətlərin normallaşması prosesi, Rusiya-Ukrayna sərhədində yaranmış gərginlik və digər regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Türkiyə ilə ABŞ arasında razılaşdırılmış Birgə Strateji Mexanizmin detalları da müzakirə edilib.
Ümumilikdə, İbrahim Kalınla Ceyk Sallivan arasında zaman-zaman belə təmaslar olur. Diqqəyti çəkən məqam odur ki, hər telefon danışığında Türkiyə-Ermənistan münasibətlərinin yoluna qoyulması diqqət mərkəzində olur. Birləşmiş Ştatlar daim bu məsələni gündəmdə saxlamaq üçün bütün vasitələrdən istifadə edir.
Maraqlıdır, ABŞ-ın sözügedən məsələyə xüsusi önəm verməsinin arxasında nə dayanır?
“Vaşinqtonda hesab edirlər ki, Ermənistanın Rusiyanın təsir dairəsindən çıxarılmasının yolu Türkiyədən keçir”
Məsələyə münasibət bildirən Demokratik Dəyişim Partiyasının Təşkilat Komitəsinin sədri Əli Mustafayev Vaşinqtonun bu məsələnin üstündə xüsusi dayanmasını bir sıra faktorlarla əlaqələndirdi: “ABŞ-ın Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı aktivliyini artırması bir sıra amillərlə bağlıdır. Burada Birləşmiş Ştatların həm dövlət, həm də özl maraqları var. Burada erməni diasporunun sifarişləri var. Ola bilsin hansısa geopolitik maraqlar da buna təsir edir. Ancaq hesab edirəm ki, bunun arxasında dayanan əsas faktor Rusiyanın Cənubi Qafqazdan sıxışdırmaq niyyətidir. Vaşinqtonda hesab edirlər ki, Ermənistanın Rusiyanın təsir dairəsindən çıxarılmasının yolu Türkiyədən keçir. Təkcə Gürcüstan amili bu məsələdə yetərli deyil. ABŞ anlayır ki, Türkiyə-Ermənistan arasında qarşılıqlı etimad olmadan Rusiyanın hegemonluğuna son qoymaq mümkün deyil. Ermənistan Rusiyadan asılı qalmaqda davam edəcək. Bu səbəbdən Vaşinqton maksimum çalışır ki, sözügedən proseslər tezləşsin. Baxmayaraq ki, Türkiyə-Ermənistan münasibətlərinin nizama salınması o qədər də asan deyil. Məsələ ondadır ki, Ermənistanın qondarma “soyqırım” iddiaları var. Türkiyəyə yönəlik ərazi iddiaları ilə çıxış edir. Ermənistan hansısa formada bu iddialardan əl çəkməlidir. O cümlədən, Qarabağ məsələsində konstruktiv mövqe tutmalıdır. Nəzərə almalıdır ki, Azərbaycanla Türkiyə strateşi müttəfiqlik münasibətlərinə malikdir”.
Əli Mustafayev onu da qeyd etdi ki, Vaşinqton da bu amili nəzərə almalıdır.
Vidadi ORDAHALLI