Deputat Razi Nurullayev maraqlı təklif irəli sürüb. Millət vəkili Azərbaycanda vəzifəyə xaricdən insanlar gətirilməsini təklif edib.
Onun sözlərinə görə ölkəmizə Yaponiyadan, Almaniyadan, İngiltərədən, Sinqapurdan mütəxəssislər gətirilsin, onlara Azərbaycan vətəndaşlığı verilsin və vəzifələrə təyin edilsin. Bir nazirlikdə, komitədə ən azından 50 alman, 50 yapon, 50 ingilis işləsin. Lap nazir, onun müavinləri təyin olunsunlar. Millət vəkili hesab edir ki, bizim gənclər vəzifəyə gəldikdən sonra problemlər daha da çoxalıb və layiqincə işlərinin öhdəsində gələ bilmirlər.
Millət vəkilinin məlum təklifi ölkə ictimaiyyəti tərəfindən narazılıqla qarşılanıb.
“Azərbaycan elə vəziyyətdə deyil ki, onun müxtəlif sahələrini idarə etmək üçün xaricdən mütəxəssis gətirilsin”
Siyasi şərhçi Azər Həsrət qeyd etdi ki, Azərbaycan elə vəziyyətdə deyil ki, onun müxtəlif sahələrini idarə etmək üçün xaricdən mütəxəssis gətirilsin: “Nəzərə almaq lazımdır ki, ölkəmizdə kifayət qədər kadr potensialı var. Ümumiyyətlə, Azərbaycan xalqı intelektual səviyyəsinə görə dünyanın sayılıb seçilən ölkələrindən biridir. Bu baxımdan rəhbər vəzifələrə xaricdən kadr gətirməyə ehtiyac yoxdur”.
Həmsöhbətimiz təəssüf hissilə onu da əlavə etdi ki, Azərbaycanda rəhbər vəzifəyə gətirilənlərin bir qismi kimlənsə qohumu, dostu, tanışı olur: “Bizdə idarəetməni bacaracaq çoxlu sayda adam var. Sadəcə rəhbər vəzifəyə təyin olunan şəxs öz yaxınlarını, qohum-əqrabasını, dost-tanışını ətrafını yığır. Qohumbazlığı, yerlibazlığı, dost münasibətlərini bir kənara qoyub yalnız işi bacaranlar irəli çəkilərsə qısa müddətdə bir çox problemlər həll olunar. Işi bacaran şəxslərə meydan verilərsə xaricilər bizdən öyrənər”.
Günel CƏLİLOVA