44 günlük Vətən müharibəsində qazandığımız qələbədən qıcıqlanan ermənilər Azərbaycana qarşı təxribatlarını daha da gücləndiriblər. Həmişə olduğu kimi yenə də təxribat vasitəsi kimi kinonu, mədəniyyəti seçiblər.
Bu ilin yanvarından ABŞ-ın FOX telekanalında yayımlanan “The Cleaning Lady” (“Xadimə”) adlı serialın üçüncü bölümündə Azərbaycana qarşı təxribata yol verilib. Sözügedən bölümdə iki erməni ailəsinin toyu nümayiş etdirilib. Adıçəkilən kanal tərəfindən yayımlanan serialın 3-cü bölümündə övladına toy edən erməni ata digər oğul övladını Ermənistan ordusuna yazdıracagını deyir: “Mən öz oğlumu Ermənistanın ordu sıralarına göndərəcəm ki, torpaqlarımızı Azərbaycandan geri alsın”.
Ermənilər çəkdikləri filmlər vasitəsilə hər zaman əsassız torpaq, ərazi iddialarını ortaya qoyurlar və bu da Azərbaycan tərəfindən kəskin qarşılanır. Amma təəssüf ki, erməni təxribatlarına cavab verən bir filmimiz yoxdur.
Ayaz Salayev: “Bizdə də erməni təxribatlarına qarşı filmlər çəkilməlidir”
Tanınmış kinorejissor və kinoşünas Ayaz Salayev növbəti erməni təxribatı ilə bağlı “Bakı-Xəbər”ə bildirdi ki, ermənilərin bu iyrənc hərəkətləri cavabsız qalmamlıdır. “Mən əvvəlcədən bilirdim ki, ermənilər müharibədə məğlub olunduqdan sonra təxribatlara, informasiya müharibəsinə başlayacaqlar. Ermənilər yenə də dünya ictimaiyyətinin onların tərəfində olacağına ümidlərini itirmək istəmirlər. Bu cür təxribatlar törətməklə istəyirlər ki, yenə də dünya ictimaiyyəti onların yanında olsun. Belə təxribatlar ermənilərə xas xüsusiyyətdir və belə təxribatlar həmişə də olacaq. Biz buna hazır olmalıyıq. Ermənilərin təxribatlarını cavabsız qoymalı deyilik, daha kəskin cavablar verməliyik. Azərbaycanda da onların yalanlarını, təxribatlarını ifşa etmək üçün filmlər çəkilməlidir. Digər tərəfdən də, hər belə təxribata qarşı filmi çəkənlərə və yayımçılara yaradıcı ittifaqlar etiraz məktubları göndərmək lazımdır. Yenə də deyirəm, bizdə də erməni təxribatlarına qarşı filmlər çəkilməlidir”.
“Ayaz müəllim, sizinlə tam razıyıq, bəli, bizdə də filmlər çəkilməlidir, amma niyə çəkilmir? Ermənilər bu serialda həm torpaq iddiası ortaya qoyur, həm də bizim rəqs musiqimizdən istifadə edirlər, bir sözlə, bizə qarşı ideoloji müharibə aparırlar. Biz onlara qarşı necə filmlər çəkməliyik? Bir peşəkar kimi bu sualın cavabını bilməmiş deyilsiniz” - deyə A.Salayevdən soruşduqda onun cavabı belə oldu: “Bunu məndən niyə soruşursuz, mən hardan bilim? Bizdə bu mövzuda niyə film çəkimir? Mən bu suala səmimi cavab verəcəyəm. Bu sualın cavabı çox elemendatdır. Kinematoqrafçılarda istək olsaydı bu mövzuda film çəkərdirdilər. Onlara bu yolda kimsə mane olacaqdı? Yox. Demək istək yoxdur. Bu məsələyə dəqiq cavabım budur, bizim kinematoqrafçılar həmin bu mövzularda film çəkmək istəsəydilər onlara mane olan olacaqdımı? Yox”.
Şamil Əliyev: “Ermənilərin bu cür “oyunlar” çıxardığı birinci dəfə deyil”
Tanınmış kinorejissor Şamil Əliyev də bizimlə söhbətində bildirdi ki, ermənilərin bu cür təxribatçı hərəkətləri ilk dəfə deyil baş verir. “Ermənilərin bu cür “oyunlar” çıxardığı birinci dəfə deyil. Sadəcə olaraq biz işimizi savadlı, məntiqli qurmağı bacarmalıyıq. Faşist əlaltısı Njde haqqında bir film çəkilmişdi, Moskvada yayımlanacaqdı. Yadınızdadırsa, bu günlərdə cənab Prezident çıxışında bildirdi ki, mən bu işə qarışandan sonra filmin nümayişi yığışdırıldı. Bilirsiz ki, Njdenin faşist fəaliyyətini ilk dəfə cənab Prezident MDB-nin yüksək səviyyəli tədbirindəki çıxışı zamanı ifşa edib. Bunlar Prezidentimizin gördüyü işlərdir. Biz kinematoqraflar da yatmamalıyıq, sakir oturmamalıyıq, bu məsələ daim gündəmdə olmalıdır. Bu bizim haqq işimizdir. Ermənilər həmişə bizə qarşı təxribat ediblər, edəcəklər də. Hətta bundan sonra bu təxribatları daha xaincəsinə, daha alçaqcasına edəcəklər. Bundan təəccüblənmirik. Ən azından biz öz işimizlə bu təxribatlara cavab verməliyik. Sözsüz, təbliğat sahəsində də ayıq-sayıq olmalıyıq ki, öz içimizdə olan 5-ci kolonun nümayəndələri ifşa etməyi bacarmalıyıq. Bəli, sapı özümüzdən olan baltalar da var. Bunlara qarşı amasız olmalıyıq. Deyim ki, cənab Prezident zaman-zaman 5-ci kolon haqqında öz tənqidi fikirlərini deyib” - deyə Ş.Əliyev bildirdi.
İradə SARIYEVA