“Financial Times” qəzeyinin yaydığı məlumata görə, Avropa İttifaqı bu həftə Azərbaycanla danışıqlar aparacaq. Qeyd edilir ki, Rusiya ilə fikir ayrılıqları səbəbindən Avropa İttifaqı Transadriatik boru kəməri (TAP) vasitəsilə Azərbaycandan qaz tədarükünü artırmağı xahiş edəcək.
Nəşrin məlumatına görə, energetika məsələləri üzrə Avropa komissarı Kadri Simson Bakıya səfər etmək niyyətindədir. Burada o, Azərbaycanın energetika naziri Pərviz Şahbazov və ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevlə görüşəcək: “Danışıqların Avropaya qaz tədarükünün şaxələndirilməsi məsələsində Azərbaycanın roluna həsr ediləcəyini gözləyirik”.
Hazırda Azərbaycan təxminən 16 milyard kubmetr qaz ixrac edir, bunun 10 milyard kubmetri Türkiyəyə, qalan hissəsi isə İtaliya, Bolqarıstan və Yunanıstana gedir. Azərbaycan qazının Avropaya tədarükünün artırılması mümkünlüyü ilə bağlı müzakirələr Ukrayna ətrafında böhranla əlaqədar Aİ-Rusiya münasibətlərində gərginlik səbəbindən fəallaşıb. Bir müddət əvvəl Almaniya XİN başçısı Annalena Berbok bildirib ki, Rusiya Ukraynanı işğal etsə ölkəsi “Şimal axını – 2”qaz kəmərinə sanksiyalar tətbiq etməyə hazırdır.
Nəzərə almaq lazımdır ki, Rusiya dünya bazarında böyük qaz ixracatçısıdır. Avropanın alternativ mənbələr axtarması Rusiyanın maraqlarına uyğun deyil. Bu baxımdan Avropanın bu kimi istəklərinin artması Rusiyanın Azərbaycanla bağlı siyasətində risqlər yaradırmı?
“Bu baxımdan düşünmürəm ki, qaz ixracının artırılması iki ölkə arasında konfliktə səbəb olsun”
Məsələyə münasibət bildirən Aydınlar Partiyasının sədr müavini Qorxmaz İbrahimlinin fikrincə, narahatçılığa elə də ciddi əsas yoxdur: “Hesab edirəm ki, gedən proseslər fonunda Azəzrbaycana Rusiyadan güclü təzyiqin olacağını düşünmürəmm. Ona görə ki, Azərbaycanın Avropaya qaz ixracı imkanı Rusiya ilə müqayisədə çox aşağıdır. Bunu Rusiya tərəfi də yaxşı bilir. İxracı birdən-birə artırmaq elə də asan deyil. Ən azından ona görə ki, gərək böyük həcmdə qaz hasil edilsin. Bu o qədər də asan deyil. Bizim qaz eytiyatlarımız Rusiya qədər böyük deyil. Ümumiyyətlə, Azərbaycanın ixrac etdiyi qaz dünya bazarına təsir etmir. Digər tərəfdən, Rusiya ümumiyyətlə, son vaxtlar nə etdiyini bilmir. Aİ ölkələri Rusiyadan əhəmiyyətli dərəcədə qaz asılılığına görə, Kremlə ümumən loyal münasibət göstərirlər. Daha çox Birləşmiş Ştatlar Aİ-ni sıxır ki, Ukrayna ilə bağlı Rusiyaya məhdudiyyətlər tətbiq etsin. Bu baxımdan düşünmürəm ki, qaz ixracının artırılması Azərbaycanla Rusiya arasında konfliktə səbəb olsun. Lap konflikt olsa belə, Azərbaycan kiçik ölkə olmasına rəğmən, Rusiyaya qarşı dayana bilər. Necə ki, Baltikyanı dövlətlər Rusiya qarşısında duruş gətirə bildilər. Necə ki, Gürcüstan dayandı, Azərbaycanda dayanmalıdır. Deyə bilərsiniz ki, Gürcüstan buna görə ərazilərinin bir hissəsini itirib. Ancaq biz də Qarabağın müəyyən hissəsinə nəzarət edə bilmirik. Ora Rusiya nəzarət edir. O baxımdan Azərbaycan Rusiyaya qarşı dirəniş göstərməlidir. Təbii ki, sözügedən məsələdə Türkiyənin dəstəyinə böyük ehtiyacımız var. Çox güman ki, qardaş ölkə bu dəstəyi verəcək. İstənilən halda güman etmirəm ki, qaz ixracının artırılmasına görə Rusiya hansısa formada Azərbaycana təzyiq göstərsin”.
Sədr müavini onu da qeyd etdi ki, Azərbaycan öz milli maraqlarını hər zaman qorumalıdır.
Vidadi ORDAHALLI