Ermənistan rəsmilərindən son vaxtlar müəyyən müsbət mesajlar səslənməkdədir. Hətta bir vaxtlar ən radikal mövqedən çıxış edən şəxslərin belə bu yöndə mülayim açıqlamalarla çıxış etməsi diqqəti cəlb edir.
Bu arada Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan mediaya açıqlamasında müharibədən dərs çıxarılmasının vacibliyini qeyd edib: “Biz 44 günlük müharibədəki məğlubiyyətdən dərs almağa borcluyuq”.
O, Ermənistan hakimiyyətinin Türkiyə ilə danışıqlara getməklə ölkənin maraqlarına xəyanət etməsi barədə ittihamları rədd edib. Onun sözlərinə görə, belə danışıqlar yenilik deyil, onlar 90-cı illərin sonlarından aparılırdı: “İllüziyalarla yaşamaq yetər, başımıza gələn fəlakət böyük bir özünü aldatmanın nəticəsidir. Reallığın gözünün içinə baxmaq, birbaşa danışmaq, heç nəyi gizlətməmək lazımdır. Bizim keçilməz ümummilli qırmızı xətlərimiz var, lakin biz qonşu ölkə ilə uzun münaqişədə olan ilk və sonuncu dövlət deyilik. Biz uzunmüddətli və sabit sülhün bərqərarına tərəfdarıq”.
Maraqlıdır, bütün bunları ekspertlər necə dəyərləndirir? Ümid etmək olarmı ki, Ermənistan bundan sonra qonşularla münasibətlərin qurulmasında, Qarabağ məsələsində konstruktiv mövqe sərgiləyəcək?
Məsələyə münasibət bildirən sabiq diplomat, politoloq Fikrət Sadıqov baş verənlərə birmənalı prizmadan yanaşmadı: “Uzunmüddətli proqnoz vermək çətindir. Çünki ermənilərin ikiüzlü siyasəti bizim üçün yeni bir şey deyil. Adətən onlar yaranmış vəziyyətə uyğun olaraq mövqe sərgiləyirlər. Bir sıra hallarda ziddiyyətli bəyanatlar verirlər, amma sonra verdikləri vədi yerinə yetirməkdən boyun qaçırırlar. Ancaq indiki situasiyada bizim xeyrimizə olan bir neçə amil var. Birincisi, Azərbaycanın qalib tərəf olduğunu müəyyən mənada qəbul edirlər. İlk vaxtlar hər vasitə ilə bunu həzm etmək istəmirdilər. Ancaq sonrakı dövrdə zamanla bununla barışmağa başladılar. Fərqindədirlər ki, torpaqlarımızı azad etdiyimiz üçün bir çox məsələlər Azərbaycandan asılıdır. İkincisi, görünür bəzi aparıcı dövlətlər reallığı Ermənistanın diqqətinə çatdırırlar. O mənada ki, inkişaf və sabitlik istəyirsinizsə, Azərbaycan və Türkiyə ilə razılaşın. Çünki bu bataqlıqdan çıxmaq üçün müəyyən addımlar atmaq lazımdır. Ermənistan balaca dövlət olsa da açıq dənizə çıxışı yoxdur. Ən nəhayət üçüncü amil Türkiyə ilə danışıqlar prosesidir. Bu ölkə ilə iqtisadi-ticarət əlaqələrinin bərpa olunması, sərhədlərin açılmasıdır. O üzdən bu, Ermənistanda müəyyən pozitiv mesaj kimi qəbul oluna bilər. Münasibətlərin bərpası Ermənistanda sosial-iqtisadi vəziyyəti yaxşılaşdıra bilər. Türkiyə böyük dövlətdir. Ermənilər anlayır ki, bu dövlətlə münasibətlərin bərpa olunması Ermənistanı düşdüyü bataqlıqdan çıxara bilər. Onu da dərk edirlər ki, Türkiyə ilə münasibətlərin normallaşması Qarabağ məsələsindən asılıdır. A.Mirzoyan vəziyyətin kritik olduğunu anladığı üçün belə bir açıqlama ilə çıxış edib. Həm də yaxşı bilir ki, Ermənistanı ağır vəziyyətdən çıxara bilməsələr, bu, Paşinyan hakimiyyətinin sonunu tezləşdirəcək”.
Bütün bunlardan çıxış edən politoloq hesab edir ki, qarşıdakı dövrdə müəyyən müsbət irəliləyişlər baş verə bilər.
Vidadi ORDAHALLI