Moskvada erməni nasist Qaregin Njde haqqında çəkilən filmin nümayişi dayandırılıb. Bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilib ki, filmin nümayiş edildiyi məkana polis gəlib və seans dayandırılıb.
Polis nümayəndələri 354.1 (nasizmin reabilitasiyası) maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsinin yolverilməzliyi ilə bağlı prokurorun təqdimatını oxuyub və filmə tamaşa etməyə gələnləri dağıdıb.
Rusiyanın bu addımını doğru sayan hərbi-siyasi ekspert, ehtiyatda olan polkovnik-leytenant Daşdəmir Əliyev “Bakı-Xəbər”ə bildirdi ki, bugünlərdə Rusiyanın şəhərlərindən birində Ermənistan ordusunun yaranmasının 30 illiyini qeyd etmək istəyirdilər: “Yerli meriya həmin tədbirin keçirilməsinin qarşısını aldı. Ancaq görünən budur ki, ermənilər təxribatlarından əl çəkməyiblər. Yenə də Ermənistan ordusunun 30 illiyi günü ilə əlaqədar Rusiya Erməniləri İttifaqı Rusiya ərazisində “Qaregin Njde” filminin nümayişini təşkil etməyə cəhd göstərib.
Nasizmi təbliğ edən filmin nümayişi İkinci Dünya müharibəsi veteranlarının da qəzəbinə səbəb olub. “Rusiya veteranları” ümumrusiya ictimai hərəkatı ölkənin baş prokuroru İqor Krasnova müraciət edib.
Veteranlar qeyd ediblər ki, nasist cinayətkarlarına və onların əlaltılarına bəraət qazandırmaq cəhdləri sadəcə tarixin saxtalaşdırılması deyil, həm də təbiətçə amoraldır.
Rusiya faşizmdən daha çox əziyyət çəkən ölkədir. Orada Hitlerin silahdaşlarını təbliğ etmək bütün dövlətin ənənələrinə bir həqarətdir. Mən bunu birbaşa siyasi təxribat kimi dəyərləndirirəm. Hesab edirəm ki, Rusiya yalnız filimin qarşısının alınması ilə kifayətlənməməlidir. Onu təşkil edənləri həm də cinayət məsuliyyətinə cəlb etməlidir”.
Məhəmmədəli QƏRİBLİ