Azərbaycandakı bir sıra siyasi partiyaların xarici ölkələrdə təmsilçilik açması hallarına rast gəlinir.
Bu da həmin təşkilatların fəaliyyətinə qanunvericilik səviyyəsində nəzər salınmasını gündəmə gətirir. Məsələn, bu yaxınlarda Haqq Ədalət Partiyasının ABŞ-da təmsilçiliyi yaradılıb. HƏP sədrinin müavini Nuridə Quliyeva ABŞ-ın Florida ştatında qeydiyyatdan keçmiş təmsilçiliyin rəhbəri təyin edilib. “Siyasi Partiyalar Haqqında” Qanunda isə belə hallar nəzərdə tutulmayıb. Qanunvericiliyə görə, siyasi partiyaların hüquqlarına Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Prezidentinin və yerli özünüidarəetmə orqanlarının seçkilərində, habelə ümumxalq səsverməsi - referendumlarda iştirak etmək daxildir. Yəni partiyaların xaricdə təmsilçiliyinə birbaşa qadağa qoyulmasa da, əsas fəaliyyət dairəsi kimi Azərbaycan Respublikasının ərazisi göstərilir.
Bundan başqa, adıçəkilən qanuna əsasən, siyasi partiyanın rəhbər orqanlarının qərargahı Azərbaycan Respublikasının ərazisində yerləşməlidir. Azərbaycan ərazisində xarici dövlətlərin siyasi partiyalarının, habelə onların bölmələrinin və təşkilatlarının yaradılmasına və fəaliyyətinə yol verilmir. Lakin Azərbaycandakı siyasi partiyalar digər ölkələrdə təmsilçilik səviyyəsində fəaliyyət göstərə bilirlər. Bunun nə qədər doğru olması ilə bağlı fikirlər isə müxtəlifdir.
Milli Azadlıq Hərakatının fəallarından olan, müstəqil siyasətçi Bünyamin Qəmbərli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, İndiki qloballaşma şəraitində bəzi məsələlər məhdudiyyəti qəbul etmir: “Bunlara siyasi fəaliyyəti, insan haqqlarını aid edə bilərik. Azərbaycandakı siyasi partiyaların xaricdə təmsilçilik açmasına qanun qadağa qoymursa, deməli, bunu etmək mümkündür. Xaricdə yaşayan vətəndaşlarla iş aparmaq və ya siyasi qurumun xarici əlaqələrini qurmaq üçün belə təmsilçilik açıla bilər. Əksinə, bunu dövlətimiz üçün faydalı hal da sayıram. Məsələ burasındadır ki, siyasi partiyaların ölkənin daxilindəki fəaliyyətləri qənaətbəxş deyil. Onlar ölkə daxilində insanları öz partiyalarına cəlb edə bilmir. Baxın görün, siyasi partiyalar heç Azərbaycanın bütün rayonlarını əhatə edə bilirlərmi? Mənim bildiyimə görə, Türkiyənin bir çox partiyalarının xarici ölkələrdə təmsilçilikləri var. Seçkilər zamanı həmin nümayəndəliklər xaricdə olan vətəndaşlarımız arasında aktiv təbliğat apara bilərlər. Azərbaycanda Türkiyənin çoxlu sayda vətəndaşları var, istənilən partiya burada öz nümayəndəliyini açıb, bizim daxili işlərimizə qarışmamaq şərtilə bu prosesi həyata keçirə bilər. Yaxşı olardı ki, bizim partiyalar özlərinin ölkə daxilindəki fəaliyyətlərini nizama salsınlar, sonra xaricə meyl edərlər. Azərbaycandakı parityalar bu üsulla həm də ölkəmizin həqiqətlərini beynəlxalq arenaya çatdıra bilərlər”.
Məhəmmədəli QƏRİBLİ