“Rossiya-24” telekanalında keçmiş SSRİ-nin bir çox respublikalarında, o cümlədən guya Azərbaycanda da ABŞ-ın gizli bioloji laboratoriyalarının fəaliyyət göstərməsi barədə sənədli film yayımlanıb. Verilişdə bununla bağlı hansısa fakt ortaya qoyulmayıb. İlk dəfədir ki, Azərbaycanla bağlı belə əsassız iddia ortaya atılır.
Qeyd edilir ki, 3 milyon əhalisi olan Ermənistanda 12 belə laboratoriya mövcuddur. Lakin qeyri-rəsmi mənbələrə görə, ABŞ-da yaradılan referens - laboratoriyalar 2010-cu ildən Ukrayna, 2011-ci ildən Gürcüstan, 2016-cı ildən isə Qazaxıstan, Ermənistan və Özbəkistanda fəaliyyət göstərir. Ermənistandakı biolaboratoriyaların fəaliyyətinin Moskvanın narahatlığına səbəb olması yeni xəbər deyil. Şübhələri aradan qaldırmaq üçün 2019-cu ilin payızında baş nazir Nikol Paşinyan rusiyalı mütəxəssislərlə əməkdaşlıq haqqında memorandumu imzalamağa razılıq vermişdi. Detallar razılaşdırılsa da, son anda Ermənistan tərəfi bu sənəddən imtina edib.
Bütün bunlarla yanaşı, sənədli filmdə belə laboratoriyaların Azərbaycanda olması barədə heç bir fakt göstərilməyib. Maraqlıdır, bununla bağlı hər hansı fakt yoxdursa, o zaman Azərbaycanın adı niyə hallandırılır? Bunda məqsəd nədir?
“Kremlin belə bir həqiqətə uyğun olmayan informasiyanın getməsinə səssiz qalması təəssüf doğurur”
Sözügedən məsələyə aydınlıq gətirən politoloq Tural İsmayılov bunu bir sıra amillərlə əlaqələndirdi: “Rusiya elitasında təmsil olunan bəzi siyasilər və jurnalistlər Azərbaycan əleyhinə zaman-zaman təbliğat aparırlar. Gizli bioloji laboratoriyalarla bağlı əsassız iddianın ortaya atılması da bunun tərkib hissəsidir. Məqsəd Azərbaycan-Rusiya əlaqələrinə zərər vurmaqdır. Çünki regionda Azərbaycan-Rusiya strateji əlaqələri inkişaf etdiyi halda, 3+3 iqtisadi formatının reallaşmağa doğru getdiyi bir ərəfədə belə bir iddia pozuculuğa hesablanıb. Bu, sadəcə iftira xarakterli bir informasiyadır və böyük təəssüf doğurur. Ona görə də belə əsassız böhtan xarakterli məlumat yayanlar cavab verməlidir. Birdən-birə Azərbaycanı gizli bioloji laboratoriyaların yaradılmasında ittiham etmək təxribatdır. Nəzərə almaq lazımdır ki, bir sıra MDB dövlətləri ilə bağlı belə məlumatlar olsa da, Azərbaycanın adı sözügedən məsələdə hallanmayıb. Kremlin “Rossiya-24” kimi bir kanalda belə bir həqiqətə uyğun olmayan informasiyanın getməsinə səssiz qalması təəssüf doğurur. Azərbayycan heçvaxt öz ərazisindən Rusiyaya qarşı istifadə edilməsinə imkan verməyib. O baxımdan hesab edirəm ki, Rusiya bütün bunları nəzərə almalıdır. Məlum yanlış informasiyaya görə “Rossiya-24” Azərbaycandan üzr istəməlidir. Əks halda Azərbaycan cəmiyyətində Rusiyaya qarşı olan narazılıq daha da artacaq. Zatən Qarabağla bağlı narazılıq var”.
Bu baxımdan politoloq hesab edir ki, Rusiya tərəfi sözügedən məsələlərə diqqət etməlidir.
Vidadi ORDAHALLI