Gürcüstan Ermənistanı Rusiya ilə birləşdirəcək alternativ yolun tikintisinə başlayır. Belə ki, Gürcüstanın Regional İnkişaf Nazirliyindən Rusiya mətbuatına verilən məlumata görə, Gürcüstan Hərbi Magistral yolunun qar uçqunlarına məruz qalan hissəsindən yan keçmək üçün Xaç aşırımından keçən 23 kilometrlik Kveşeti-Kobi avtomobil yolunun tikintisi aktiv fazaya daxil olub.
Layihə uzunluğu 9 km, diametri 15 metr olan tunelin, həmçinin beş körpünün tikintisini nəzərdə tutur. Qeyd edilir ki, bu hissənin tikintisi başa çatdıqdan sonra Gürcüstan və Ermənistanı Rusiya ilə birləşdirən Şimal-Cənub nəqliyyat dəhlizi ilboyu fəaliyyət göstərəcək. İndi Kveşeti-Kobi hissəsində qar uçqunu və sürüşmə təhlükəsi səbəbindən ilin təxminən 100 günü bağlı olur. Sözügedən işləri Çin şirkəti həyata keçirir. Tikinti işlərinin 2024-cü ildə başa çatdırılması planlaşdırılır. Dəyəri 400 milyon dollara yaxın olan layihənin həyata keçirilməsi üçün Gürcüstan hökuməti Asiya İnkişaf Bankından və Avropa Yenidənqurma və İnkişaf Bankından kredit götürüb.
O da məlumdur ki, Ermənistanla kommunikasiya əlaqələrinin bərpası fonunda Zəngəzur dəhlizinin açılması istiqamətində proseslər gedir. Maraqlıdır, Ermənistan bundan istifadə edib Zəngəzur dəhlizini gecikdirmız ki?
“Nəzərə almaq lazımdır ki, Zəngəzur dəhlizi açılmasa, digər kommunikasiya xəttləri işə düşməyəcək”
Məsələyə münasibət bildirən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev buna birmənalı prizmadan yanaşmadı: “Ümumən, alternativ variantlar Ermənistanın mövqeyini gücləndirir. Ancaq elə məsələlər var ki, onlar Ermənistandan asılı deyil. Məsələ ondadır ki, Kveşeti-Kobi yolu dəmir yox, avtomobil yoludur. Dəmir yolunun daşıma imkanları daha böyükdür. Üstəlik Rusiya Gürcüstandan yan keçməklə Ermənistanla əlaqə qurmaq istəyir. Çünki Moskva-Tbilisi münasibətləri məlum səbəblərdən gərgindir və bunun yaxın perspektivdə düzələcəyi real deyil. Bu səbəbdən Ermənistanın Zəngəzur dəhlizini yubadacağı bir qədər real görünmür. Nəzərə almaq lazımdır ki, Zəngəzur dəhlizi açılmasa, digər kommunikasiya xəttləri işə düşməyəcək. Bu da region ölkələrin maraqlarına ziddir. Düzdür, ermənilərdən nə desən gözləmək olar. Ancaq real vəziyyət odur ki, onlar mövcud vəziyyətlə barışıblsar. Bu isə o deməkdir ki, Zəngəzur dəhlizi açılacaq. Çünki başqa bir yol yoxdur. Ümumilikdə, Ermənistanın alternativ variantlar axtarması təbiidir. Söhbət ondan gedir ki, İrandan çəkilməsi nəzərdə tutulam Şimal-Cənub avtomagistralı hələ reallaşmayıb. Ermənistandan keçəcək bu yol Gürcüstan ərazisinə daxil olacaq. Bu səbəbdən Ermənistan belə canfəşanlıq edir. Ancaq sabah Rusiya-Gürcüstan münasibətləri daha da gərginləşsə, o zaman bu yolun əhəmiyyəti azalacaq. Ona görə sözügedən məsələ bir qədər mürəkkəbdir”.
Sonda partiya sədri onu da qeyd etdi ki, dəhliz məsələsində Ermənistana təzyiqlər davamlı olmalıdır.
Vidadi ORDAHALLI