İranın Türkiyəyə verdiyi qaz nəqlini 10 gündür dayandırması Ankaranı hərəkətə keçirib. Məlumatlara görə, BOTAŞ məsələni araşdırmaq üçün bölgəyə nümayəndə heyəti göndərib və şirkət problemin heç də İranın təqdim etdiyi kimi olmadığını ortaya çıxarıb.
BOTAŞ heyəti İranın kəsdiyi qazı daxili tələbat üçün istifadə etdiyini müəyyənləşdirib.
İlk təsbitlərdə texniki nasazlıq aşkar edilməsə də, ölkədəki sərt qış şəraiti səbəbindən Türkiyəyə qaz nəqlinin dayandırıldığı müəyyən edilib. Problem İran tərəfindən həll olunmayacağı təqdirdə Türkiyə gələcəkdə məsələni beynəlxalq arbitraja daşıyacaq.
Məlumata görə, İran müqavilələrə əsasən Türkiyəyə gündə 28 milyon kubmetr təbii qaz göndərməli idi, lakin hazırda cəmi 1-2 milyon kubmetr təbii qaz göndərir. İranın gələcəkdə üzərinə götürdüyü öhdəliklərə əməl etdiyini iddia etmək üçün az miqdarda da olsa qaz tədarükünü davam etdirdiyi vurğulanır. “Sabah” qəzeti yazır ki, bu vəziyyət İran tərəfindən davam etdirilərsə, Türkiyənin məsələni beynəlxalq arbitraja çıxaracağı gözlənilir.
Digər tərəfdən, Türkiyə tərəfindəki kompressorların nasaz olması və ya Türkiyənin İrana təbii qaz üçün pul ödəməməsi ilə bağlı sosial mediada başladılan saxta xəbər əməliyyatlarının müəyyən dairələr tərəfindən qəsdən gündəmdə saxlanmağa çalışıldığı bildirilir.
Türkiyənin enerji və təbii sərvətlər naziri Fateh Dönməz də bildirib ki, Türkiyənin İrana təbii qazın alışı ilə bağlı borcu yoxdur, qaz nəqli də bu səbəbdən dayandırılmayıb.
Nazir qeyd edib ki, qazın nəqlinin dayandırılması İranın daxili tələbatının artmasından dolayı ola bilər: "Qarşı tərəfdən belə bir açıqlama verilməyib. Eşitmişik ki, daxili tələbat artıb və İranda belə bir durum var, amma bunu rəsmi şəkildə təsdiqləmək iqtidarında deyilik. Onlar daxili istehlaklarını planlaşdırmalıdırlar. Fors-major hal olmadıqda, alıcının müqavilədən irəli gələn bəzi sanksiya hüququ vardır. Qarşı tərəf razı olmadıqda məsələ beynəlxalq arbitraja çıxarılır. İnşallah, o vəziyyətə çatana qədər həll olunacaq. Müqavilədə hər iki tərəfin öhdəlikləri var. Bunlara əməl edilmədiyi təqdirdə hansı sanksiyaların tətbiq ediləcəyi aydındır. Həm yazışmalarda, həm də danışıqlarda İran tərəfi bu məsələnin 10 gün ərzində həll olunacağını bəyan edib. Biz xəbərdarlıq etdik ki, bunu daha tez etmək lazımdır".
Tahir TAĞIYEV