Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin Azərbaycanla sülh sazişi imzalamağa hazır olduğunu bildirib, lakin əlavə edib ki, bundan əvvəl bu sənəd danışıqlar nəticəsində tərtib olunmalıdır. Paşinyan bazar ertəsi axşam internet vasitəsilə canlı yayımda keçirilən mətbuat konfransında daha sonra bunları deyib: “Biz hesab edirik ki, bu danışıqlar baş tutmalıdır və Ermənistan buna hazırdır”.
O xatırladıb ki, Ermənistanla Azərbaycan parlamentləri hələ 1992-ci ildə bir-birinin MDB çərçivəsində mövcud sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyünü tanımaq haqqında sənədləri ratifikasiya ediblər, lakin, onun sözlərinə görə, bir çox məsələ və incəliklər həll olunmamış qalır və bunun üçün danışıqlar aparılmalıdır.
Paşinyanın bu açıqlamasından onun ərazi bütövlüyümüzü tanımağa hazır olduğu ilə bağlı nəticə çıxara bilərik?
Politoloq Qabil Hüseynli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistan başqa çıxış yolunun olmadığını bilir: “Paşinyan buna çoxdan getmək istəyir. Sadəcə, bəzi revanşist qüvvələr buna imkan vermir. Müharibədəki məğlubiyyətlə bağlı emosiyalar gərgin olduğu üçün bir qədər zamanın keçməsini gözlədi. İndi məqamın yetişdiyini görürlər. Bilirlər ki, bizim ərazi bütövlüyümüzü tanımadan nə Azərbaycanla, nə də Türkiyə ilə əlaqələrin qurulması mümkün olmayacaq. Ermənistanın Baş naziri Nikol Paşinyan bundan əvvəl də bənzər açıqlama ilə çıxış etmişdi. Onda bildirib ki, Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü hələ 1991-ci ildə tanıyıb. Hər iki ölkə 30 il öncə MDB-nin yaradılması prosesində iştirak edib və qarşılıqlı tanınma həmin vaxt imzalanan bəyannamə və dövlətlərarası saziş əsasında baş tutub. Paşinyan məsələyə belə reaksiya vermişdi:
"Konkret terminlərlə nəyi nəzərdə tutduğumuzu başa düşmək lazımdır. O vaxt artıq Qarabağ məsələsi var idi? Var idi. Amma sual budur: Qarabağ problemi ərazi problemidirmi? Bizim anlayışımıza görə, bu, ərazi problemi deyil. Qarabağ məsələsi hüquq məsələsidir və ərazi məsələsi ilə heç bir əlaqəsi yoxdur".
O söyləyib ki, Ermənistanın hazırki rəhbərliyi Qarabağ məsələsinin "təhrif olunduğunu" bəyan edəndə həm də qeyd edilən bu məsələ nəzərdə tutulur. Bəli, 1991-ci ildə qəbul edilən qərarın əsasında hər iki ölkə 1992-ci ildə bir-birinin MDB çərçivəsində mövcud sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyünü tanımaq haqqında sənədləri ratifikasiya ediblər. Buna ustinad etməklə Paşinyan ərazi bütövlüyümüzün tanınması istiqamətdə addım atmağa hazır olduğunu bəyan etmiş olub. Bunun üçün istinad nöqtəsi olan sənədi də göstərib”.
Məhəmmədəli QƏRİBLİ