Son vaxtlar cəmiyyətdə belə fikirlər var ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində yaranmış münaqişənin həlli ilə bağlı vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk qrupu nəinki üzərinə düşən vəzifəni yerinə yetirmədi, əksinə, qurumun sərgilədiyi qətiyyətsiz mövqe işğalçı Ermənistanı daha da həvəsləndirdi və arxayın saldı.
Buna görə də, ATƏT-in Minsk qrupu ötən 28 ildəki yarıtmaz fəaliyyətinə görə BMT və beynəlxalq hüquq, eləcə də, ötən illər ərzində işğal səbəbindən hüquq və haqqı tapdalanan Azərbaycan xalqı qarşısında məsuliyyət daşıyır. Sözügedən təsisatın Azərbaycan xalqından üzr istəməsi ilə bağlı məsələyə ekspertlərin münasibəti necədir?
Aydın Quliyev: “Azərbaycan xalqından üzr istəməli , maddi - siyasi ziyana görə dövlətimizə kompensasiya ödəməlidir”
“Bakı-Xəbər” Media Qrupunun rəhbəri Aydın Quliyev hesab edir ki, Minsk Qrupuna daxil ölkələr, ilk növbədə üç həmsədr dövlət 28 illik nəticəsiz danışıqlara və Ermənistanın dağıdıcı işğal rejiminin daha çox uzadılmasına səbəb olduqları üçün Azərbaycan xalqından üzr istəməli , maddi - siyasi ziyana görə dövlətimizə kompensasiya ödəməlidir: ”Bizim Prezidentimiz “onların əvəzindən biz özümüz hər şeyi həll etdik" demədimi? Heç olmasa 28 ildə etdikləri barədə Azərbaycan xalqına kollektiv rəsmi hesabat mətni yaya bilməzdilərmi?!...”
Mirkazım Seyidov: “ATƏT-in Minsk Qrupu Azərbaycan xalqından, xüsusilə də şəhid ailələrindən və qazilərdən üzr istəməlidir”
Böyük Dayaq Partiyasının sədri Mirkazım Seyidov qəzetimizə bildirdi ki, məlum münaqişənin həlli istiqamətində heç bir əməli nəticə əldə etməyən ATƏT-in Minsk qrupunun hazırkı cəhdlərinin sağlam niyyətli olmasına şübhə ilə yanaşır:
“Prezident İlham Əliyevin həmsədrlərlə açıq və qəti şəkildə danışdı. Şahidi olduqlarımız dünyadakı münaqişələrin həlli ilə məşğul olan xüsusi statuslu bütün səlahiyyətlilər üçün mənəviyyat dərsidir. İndi hər kəsi maraqlandıran mühüm bir sual var: Həmsədrlər Bakıya nə üzlə gəlir və istədikləri nədir? Ötən dövrdə Azərbaycanın işğal altında olan torpaqlarını düşmənə vermək üçün daha nələr etmədilər ki? Əgər 28 illik zamanımızı qəsb edən həmsədrlər bu suallara səmimi və inandırıcı cavab versələr o zaman bəlkə niyyətlərinin təmiz olduğu barədə rəy formalaşdırmaq üçün ilk addımları atarlar. Azərbaycan ordusu 44 gün ərzində torpaqlarını işğaldan azad etdi. İndi söz də, hökm də Azərbaycanındır. Hesab edirəm ki, ATƏT-in Minsk Qrupu Azərbaycan xalqından, xüsusilə də şəhid ailələrindən və qazilərdən üzr istəməlidir”.
Məhəmmədəli QƏRİBLİ