Ermənistanın baş naziri Nikol Paşinyan yanvarın 24-də keçirdiyi onlayn mətbuat konfransında bir sıra məsələlərə toxunub.
Yerasx-Culfa-Ordubad-Meğri-Horadiz dəmir yolu xəttinin işə salınması barədə danışarkən Paşinyan deyib ki, söhbət 205 milyon dollar investisiya qoyulmasından gedir və bu, Ermənistan üçün böyük məbləğ deyil: “Yəni burda maliyyə problemi olmayacaq. Biz praktikada razılığa gəlmişik. Bu razılaşmanı kağız üzərində təsdiq etdikdən sonra bu dəmir yolunun tikintisinə hazırlıq başlayacaq. Yerasx-Culfa-Ordubad-Meğri-Horadiz dəmir yolunun işə salınması böyük tranzit axını üçün fürsətdir. Bir çox beynəlxalq donorlar böyük maraq göstərirlər və bəlkə elə oldu ki, Ermənistanın dövlət büdcəsindən pul yatırmağa ehtiyac qalmayacaq. Əgər biz regionda, o cümlədən Ermənistan-Türkiyə sərhədində kommunikasiyaların açılmasına nail olsaq, Ermənistan Avropa, İran, Rusiya və Çinlə dəmir yolu əlaqəsi əldə edəcək və bunun ciddi iqtisadi nəticələri olacaq. Bu ümumi layihə sülh gündəliyinin əsasına çevrilə bilər”.
Görünən odur ki, Paşinyan indi-indi sözügedən layihələrin necə önəmli iqtisadi əhəmiyyət kəsb etdiyini anlabağa başlayıb. O üzdən, belə fikirlər səsləndirir.
Maraqlıdır, bəs ekspertlər onun bu fikirlərini necə şərh edir?
“Paşinyan bunları elan etməklə birbaşa daxili auditoriyanı Azərbaycan və Türkiyə ilə normal əlaqələrin olmasına sövq edir”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə prizmadan yanaşdı: “Ermənistan Baş naziri Nikol Paşinyan Naxçıvanla Azərbaycanı birləşdirəcək dəmir yol xəttini ölkəsini iqtisadi blokadadan çıxması kimi dəyərləndirir. O bunun Ermənistan üçün nə demək olduğunun fərqindədir. Həqiqətən bu dəmir yolu Ermənistanı Çinlə və Avropa ilə bağlaya bilər. Bu da regionda ümumi təhlükəsizliyə xidmət edə bilər. Ancaq məsələ ondadır ki, ümumi müsbət proqnozlar verməklə işlər düzəlmir. Sözügedən məsələdə ilk növbədə Ermənistan rəhbərliyi praktiki addım atmalıdır. Bax əsas məsələ həm də budur. Reallıq ondan ibarətdir ki, N.Paşinyan hələki bəyanatlarla kifayətlənir. Hesab edirəm ki, nəqliyyat və kommunikasiya vasitələrinin açılması beynəlxalq yük daşımaları şirkətlərinin marağını cəlb edəcək. Bu da regiona investisiya axınına getirib çıxaracaq. Ona görə də Ermənistan rəhbərliyi prkatiki düşünərək real addımlara getməsi məcburiyyətdəndi. Paşinyan bunları elan etməklə birbaşa Ermənistanda daxili auditoriyanı da Azərbaycan və Türkiyə ilə normal əlaqələrin olmasına sövq edir. Düşünürəm ki, N.Paşinyan əgər belə bir siysətə malikdirsə və bunu bunu reallaşdırsa regionda yeni bir siyasi-iqtisadi nizam gətirə bilər”.
O baxımdan politoloq hesab edir ki, Paşinyan real addımların atılmasını sürətləndirməlidir.
Vidadi ORDAHALLI