Ötən həftə Ermənistan tərəfinin təşəbbüsü ilə Vladimir Putinin Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı olub. Bu barədə şənbə günü Kremlin mətbuat xidməti məlumat verib: “Ermənistan, Azərbaycan və Rusiya liderlərinin 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarında təsbit edilmiş razılaşmaların reallaşdırılmasının praktiki aspektləri, o cümlədən Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlı məsələlər nəzərdən keçirilib.
ATƏT-in Minsk Qrupu həmsədrlərinin xətti ilə işin davam etdirilməsinin məqsədəuyğunluğu qeyd edilib".
Son cümləyə diqqət etdikdə görürük ki, yenə də Minsk Qrupu həmsədrlərini prosesə daxil etmək istəyi var. Sərhədin delimitasiyası və demarkasiyası prosesinə Minsk Qrupunun cəlb edilməsi mümkünmü?
Politoloq Rəşad Bayramov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, rəsmi Bakı dəfələrlə Minsk qrupunun fəaliyyətilə bağlı öz mövqeyini ifadə edib: “Bildirilib ki, onlar postmüharibə, sülh prosesinə dəstək formasında, hər hansı bir humanitar, sosial dəstək layihəsi şəkilində fəaliyyət göstərə bilərlər. Çünki artıq münaqişə başa çatıb və yeni reallıqlar yaranıb. Onların 44 günlük müharibədən öncəki dövrdəki fəaliyyətinin davam etməsi üçün əsas qalmayıb. Bunu Azərbaycan ən yüksək səviyyədə dəfələrlə bəyan edib. Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı həm Rusiyanın, həm də Türkiyənin müxtəlif görüşləri həyata keçirilir, danışıqlar aparılır. Sərhədlərin delimitasiyası və demarkasiyası məsələsində Azərbaycanla Ermənistan arasında danışıqlar gedir, burada Rusiya vasitəçilik edir. Bu barədə üç ölkə rəhbərinin imzaları var. Yəni bu məsələdə Minsk qrupuna ehtiyac qalmayıb. Minsk qrupunun delimitasiya və demarkasiya prosesində iştirakı yolverilməzdir. Minsk qrupu uzağı hansısa humanitar məsələlərlə bağlı fəaliyyət göstərə bilər. Minsk qrupu öz mövcudluğunu təsdiqləmək istəyirsə birinci Qarabağ müharibəsində əsir və itkin düşmüş və bu günə qədər taleləri məlum olmayan 4 minə yaxın Azərbaycan vətəndaşının taleyi ilə bağlı Ermənistan qarşısında məsələ qaldırsın”.
Məhəmmədəli QƏRİBLİ