Jurnalist Xədicə İsmayıl maraqlı açıqlama ilə çıxış edib. O, bildirib ki, Qarabağ məsələsində tutduğu obyektiv mövqeyə görə əvvə işlədiyi Qərbin donor təşkilatları onunla əməkdaşlıq etmək istəmirlər:
“Qərbdə bəzi insanlar deyirdilər ki, mən Qarabağ məsələsində Ermənistana qarşı çıxsam, məni dəstəklədiklərinə görə peşman olacaqlar. Bu barədə əvvəlcədən bilsəydim, onların dəstəyindən dərhal imtina edərdim”.
Jurnalist almandilli “Zenit” jurnalına müsahibəsində sual edir: nəyə görə mənə icazə verilir ki, Ermənistanın yox, təkcə Azərbaycan hökumətinin problemlərini işıqlandırım? Bu, təkcə Əliyevin müharibəsi deyil, bütün Azərbaycan xalqının müharibəsidir:
“600 min insan öz ölkələrində qaçqın vəziyyətinə düşüb. Mən Əliyevi dəstəkləmirəm, amma o, Qarabağla bağlı haqlıdır, çünki Ermənistan beynəlxalq hüququ pozaraq ölkəmizi işğal edib”.
Jurnalistin sözlərinə görə, o, Azərbaycan hakimiyyətini tənqid edəndə Qərbdə ona tələbat olub, lakin Qarabağ münaqişəsi ilə bağlı mövqeyini bildirən kimi ona olan maraq itib.
İsmayılova vurğulayıb ki, ötən il ona qanuni yolla Azərbaycanı tərk etmək icazəsi verilib, lakin bundan əvvəl Qərb ölkələrinə davamlı olaraq dəvət olunurdusa, indi belə dəvətlər yoxdur:
“Yenidən sərbəst hərəkət edə bilirəm, lakin görünür ki, daha heç kimə lazım deyiləm. Bu, depressiyaya səbəb olur”.
Jurnalist iddia edir ki, “kimisə sevindirmək və ya xaricdən daha çox alqış almaq” üçün Qarabağın Ermənistan tərəfindən işğalı ilə bağlı inanclarından əl çəkməyə hazır deyil.
Onun sözlərinə görə, Ermənistan tərəfdən heç kim Qarabağın işğalını tənqid etmir və erməni hərbi cinayətlərinin araşdırılmasını tələb etmir, yeganə istisna mərhum Georgi Vanyan olub...
Qarabağ məsələsində müxalif jurnalist Azərbaycan rəhbərliyi ilə həmrəydir. Müsahibin guya “Azərbaycanın hakimiyyəti Qarabağ ermənilərini Azərbaycan hakimiyyəti altında yaşamaq imkanından məhrum edir” sitatını şərh edən İsmayılova qeyd edib:
“Münaqişə İlham Əliyevlə başlamayıb. Ən şiddətli toqquşmalar onun hakimiyyətə gəlməsindən xeyli müddət əvvəl baş verib. Ona görə də mən bu arqumenti qəbul etmirəm. Əslində, fikirləşsəniz, yalandır”.
Təəssüf ki, bizim jurnalist Xədicə İsmayılla əlaqə saxlayıb əlavə məlumat cəhdlərimiz alınmadı. Onun bu açıqlaması ilə bağlı Qərb təsisatları ilə əməkdaşlıq etmiş başqa bir jurnalist Azər Həsrətin münasibətini öyrəndik. Azər Həsrət “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu eyni qəbildən oln ilk əhfalat deyil: “Bizim özümüz də Qərb təşkilatları ilə yaxından əməkdaşlıq etmişik. Qarabağdan, erməni işğalından danışan kimi bizim qarşımızı kəsmək üçün üsullar fikirləşiblər. Qarabağdan danışdığıma görə şəxsən mənim özümlə də əməkdaşlığa son qoyublar. Mən də heç vaxt buna görə ruhdan düşməmişəm, xalqımın yanında olmağa davam etmişəm. Uzun illər ərzində əməkdaşlıq etdiyimiz təşkilatlar məhz bu səbəbə görə bizimlə iş birliyindən mədəni şəkildə imtina ediblər. Xədicə İsmayılın da əhfalatı bu qəbildəndir. Sadəcə olaraq, Xədicə İsmayıl vaxtında bu məsələnin üstünə ciddi düşmədi. Daha fərqli taktika seçməklə həmin təşkilatlarla əməkdaşlığını davam etdirə bildi. 44 günlük vətən savaşında hər-hansı taktikadan söhbət gedə bilməzdi. Açıq mövqe ortaya qoymaq lazım idi. Təəssüflər olsun ki, Azərbaycandan xaricdə olan bir sıra ictimai-siyasi şəxslər Azərbaycana dəstəklərini ifadə etmədilər. Hətta ölkəmizə qarşı fəaliyyət göstərənləri də oldu. Xədicə İsmayıl isə xalqımızın yanında olduğunu açıq bəyan etdi. Buna görə də, onu çıxdaş etdilər. Bir daha sübut olunur ki, bəzi dairələr insaq haqları, demokratiyadan öz maraqlarına çatmaq üçün istifadə edirlər. Kimsə önların planına uyğun hərəkət etmirsə, onunla vidalaşırlar. Bundan ibrət götürmək lazımdır. Həmin mərkəzlərin dalınca gedənlər bilsinlər ki, nə vaxtsa onlar da öz dövlətlərinə xeyir nəsə söyləsələr, bu şəkildə kəsilib atılacaqlar”.
Məhəmmədəli QƏRİBLİ