Rusiyanın Voronej şəhərində Ermənistan ordusunun yaradılmasının 30 illiyi münasibətilə konsert təşkil olunması baş tutmayıb. Yerli erməni diasporundan kimlərsə yanvarın 28-nə təyin olunmuş bu konsertin afişasını da hazırlayıblar, amma meriya məsələdən xəbər tutanda erməni diasporunun rəhbərlərini çağırıb və onlara Rusiya ərazisində başqa ölkənin ordusunun yubileyini keçirməyin yolverilməz olduğunu xatırladıblar.
Konsert haqda bir neçə gün əvvəl yerli “Bloknot” internet-nəşri yazıb. Bildirilirdi ki, konsertin afişasında Ermənistanın keçmiş müdafiə naziri Vazgen Sarkisyanın (Xocalı qətliamını törədənlərdən biri, hərbi cani) davakar sitatları yer alır. Orada göstərilirdi ki, konsert yanvarın 28-də Voronejdəki Dəmiryolçular Mədəniyyət Evində keçiriləcək.
Hərbi-siyasi ekspert ehtiyatda olan polkovnik-leytenant Daşdəmir Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, erməni milli ordusu hara, Voronej hara?: “Voronej meriyasında da bu konsert haqda ancaq həmin sayt vasitəsilə xəbər tutublar. Və müşavirə keçiriblər. Həmin müşavirəyə Voronejdəki erməni icmasının sədri Kamo Çobanyanı da çağırıblar, ondan izahat istəyiblər. Məlum olub ki, Çobanyan bu konsert haqda “heç nə bilmir”, ümumiyyətlə yerli erməni icmasının bu işdə iştirakı yoxdur.
Meriya məsələyə qarışandan sonra konsert fevralın 6-na keçirilib və tematikası tam dəyişdirilib. İndi o, “Rusiyada erməni mədəni irsinin qorunmasına” həsr edilib. Bu isə artıq başqa məsələdir. Ermənistan ordusunun nəyə qadir olduğunu biz 44 günlük müharibə zamanı gördük. Belə bir ordunun adını çəkmək utancdır. Bunlar hələ ona yubiley keçirmək istəyirlər. Belə bir tədbirin keçirilməsi Rusiya ilə Azərbaycan arasında olan münasibətləri də zədələyə bilərdi. Meriya çox operativ tərpənib və zamanında lazımi qərarı verib”.
Məhəmmədəli QƏRİBLİ