İkinci Qarabağ müharibəsində Ermənistanın Azərbaycana qarşı xarici muzdlu döyüşçülərdən istifadə etməsi faktdır. Ekstremist qüvvələrin müharibədə iştirakını təmin edən Ermənistan müharibənin gedişində də, sonra da bu faktı inkar etməyə çalışsa da, buna nail ola bilmədi.
Çünki hər şey göz qabağındadır. Necə deyərlər, cidanı çuvalda gizlətmək olmaz. İndiyə qədər saysız muzdlu döyüşçü etiraf edib ki, Ermənistan silahlı birləşmələrinin tərkibində Azərbaycan ordusuna qarşı döyüşüb. Muzdlu döyüşçülər arasında Fransada fəaliyyət göstərən ekstremist qruplaşmaların üzvlərinin üstünlük təşkil etdiyi sirr deyil. Onlardan biri elə bu günlərdə Fransanın özündə həbs olunub.
Belə ki, Vətən müharibəsində Ermənistan tərəfindən döyüşmüş ekstremist qruplaşma rəhbəri Mark De Kakkere-Valmenir həbs olunub. Fransa mətbuatının yaydığı məlumata görə, Fransa vətəndaşı, Parisdə zorakılığın əsas təhrikçisi olan ekstremist "Zouaves Paris” (ZVP) qruplaşmasının lideri, ikinci Qarabağ müharibəsi zamanı Azərbaycanın işğal altında olan ərazilərinə gələrək terrorçuluq fəaliyyəti ilə məşğul olmuş və Ermənistan tərəfində muzdlu kimi döyüşmüş Mark De Kakkere-Valmenir Fransada 1 il müddətinə azadlıqdan məhrum edilib.
Məlumata görə, prezidentliyə namizəd, ifrat sağçı Erik Zemmurun dekabr ayında keçirilən mitinqində zorakılıq tətbiq etdiyi üçün nümayişlərdə iştirakına qadağa qoyulan Kakkere-Valmenir yanvarın 15-də keçirilən aksiyada iştirak etdiyi üçün saxlanılıb və sonra həbs edilib.
Kakkere-Valmenir 2020-ci ilin iyununda Parisdəki barda hücuma görə bir il həbs cəzasına məhkum olunub.
Qeyd edilir ki, Zemmurun aksiyalarda iştirakına qadağa qoyulmuşdu.
Bu, ekstremist qruplaşma rəhbərinin ilk həbsi deyil. O, 2018-ci ilin dekabrında "sarı jiletlilər”in nümayişində zorakılığa görə 6 ay, bara hücuma görə isə 10 ay həbs cəzasına məhkum edilmişdi.
Xatırladaq ki, "Zouaves Paris” qruplaşmasının lideri 2020-ci ilin oktyabrında ikinci Qarabağ müharibəsində işğalçı Ermənistanın tərəfində müharibədə iştirak etdiyini bildirmişdi. Mark de Kakkere-Valmenir İnstagramdakı səhifəsində qeyd etmişdi ki, Dağlıq Qarabağa ermənilərlə birlikdə vuruşmağa yola düşüb. Mark de Kakkere "Kalaşnikov" avtomatı ilə hərbi formada şəklini paylaşaraq ermənilərlə əməkdaşlıqla "xarici könüllülər briqadası"nı yaratmaq arzusunu açıqlamışdı.
Özünü faşist adlandıran Mark de Kakkere-Valmenir Parisdə zorakılığın əsas təhrikçisi olan sağ ekstremistlər qruplaşmasına "Zouaves Paris” adını verib.
Siyasi ekspert Rövşən Rəsulov baki-xeber.com-a bildirdi ki, Mark de Kakkere-Valmenirin həbsi də Ermənistanın terrorçu sifətini bir daha açıb dünyaya göstərir: "Ermənistanda beynəlxalq terrorizm məsələsi daim öndə olub və ənənəvi xarakter alıb. İstər Birinci, istərsə də, İkinci Qarabağ müharibəsində biz Ermənistanın beynəlxalq terrorçulardan istifadə etdiyinin şahidi olmuşuq. Birinci Qarabağ müharibəsində Livandan, Suriyadan, Fransadan, Yunanıstandan gələn terrorçular, eləcə də Yaxın Şərq ölkələrinə aid olan digər terrorçu düşərgələrindən xüsusi ayrılmış dəstələr Ermənistanın işğalçı ordusunun tərkibində Azərbaycana qarşı döyüşüblər. Bunlar bu gün də faktlarla sübut olunmaqdadır. Bunu təsdiqləyən kifayət qədər videokadrlar var. Eləcə də İkinci Qarabağ müharibəsində biz bənzər faktların şahidi olduq. Ermənistanın muzdlu ekstremist qruplaşmalardan istifadə etdiyi daim ifşa olunur. Lakin təəssüf ki, bu gün həmin məsələ beynəlxalq səviyyədə, daha doğrusu, beynəlxalq təşkilatlar tərəfindən ən yüksək səviyyədə qaldırılmır, bu məsələ barədə hansısa ittihamlar irəli sürülmür. Baxmayaraq ki, Azərbaycan artıq bir neçə dəfə bununla bağlı müvafiq beynəlxalq instansiyalara müraciət edib.
Qaldı ki, Mark De Kakkere-Valmenirin həbsinə, artıq hesab edə bilərik ki, bu məsələ ilkin nəticədir və bu digər terrorçuların da həbsinin yaxında olduğunu göstərir".
R.Rəsulov qeyd etdi ki, Valmenir bir terrorçudur və onun Fransa üçün heç bir əhəmiyyəti yoxdur. R.Rəsulovun sözlərinə görə, Azərbaycan ordusuna qarşı döyüşmüş beynəlxalq terrorçunun həbs edilməsi və onun cinayət işində muzdlu kimi döyüşdüyünün qeyd olunması Ermənistanın ifşası deməkdir. "Heç şübhəsiz ki, Valmenirin həbs edilməsi faktı da Ermənistanın müharibədə muzdlu döyüşçülərdən istifadə etdiyini bir daha çılpaqlığı ilə sübut edir. Vətən müharibəsində Ermənistanın işğalçı qüvvələrinin tərkibində Azərbaycan Ordusuna qarşı döyüşən ekstremist qruplaşmanın rəhbərinin həbsi təsadüfi xarakter daşımır.
Mənə belə gəlir ki, Valmenirin həbsinin əsas səbəbi qeyd edildiyi kimi deyil. Terrorçunu məhz Fransa Azərbaycanla münasibətlərini nizamlamaq üçün həbs edib. Son vaxtlar Fransa tərəfindən Azərbaycana, Azərbaycan rəhbərliyinə qarşı yanlış addım atılıb.
Daha dəqiq desək, Rusiya sülhməramlı kontingentinin müvəqqəti olaraq nəzarətində olan Qarabağ bölgəsinin bir hissəsinə Fransada prezidentliyə namizəd Valeri Pekressin qanunsuz səfərindən sonra yaranmış vəziyyət və rəsmi Bakının sərt cavabı Fransanı belə bir addımlar atmağa məcbur edib. Yəni Fransa parlamentində Azərbaycanın dövlət rəhbərliyinə qarşı qaldırılan qərəzli iddialar və tələblər bu məsələ ilə bağlı ört-basdır edilə bilər. Valmenir kimi terrorçunu həbs etmək Fransa dövləti üçün heç nədir, təki Azərbaycanla münasibəti tam şəkildə pozulmasın. Təkcə bir terrorçunun xarici ölkədə həbs olunması və onun haqqında cinayət işinin başladılması Azərbaycanın tələblərini tam şəkildə yerinə yetirmir. Çünki xarici ölkələrdə digər terrorçular da var ki, Ermənistanın terrorçu hərbi birləşmələrinin tərkibində Azərbaycana qarşı döyüşüblər. Bu terrorçu qruplaşmalar Azərbaycanın dinc əhalisinə qarşı dəfələrlə terrorçuluq əməlləri həyata keçiriblər. Bütün bunlardan sonra ümid edə bilərik ki, beynəlxalq müvafiq strukturlar, insan haqları məhkəməsi və başqa qurumlar artıq hərəkətə keçəcəklər. Bu kimi terrorçuların layiq olduqları cəzaya çatmaları üçün bütün qanuna müvafiq addımlarını atacaqlar..." deyə R. Rəsulov bildirdi.
İradə SARIYEVA