Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya diplomatiyasının 2021-ci il üzrə fəaliyyətinin nəticələrinə həsr olunmuş mətbuat konfransında bildirib ki, Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası üzrə ikitərəfli komissiya mümkün qədər tez formalaşdırılmalı və fəaliyyətə başlamalıdır.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinə qoşulmaq istəyən hər kəs tərəflərin maraqlarını nəzərə almalıdır: “Rusiya Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə qoşulmaq istəyən hər kəsin tərəflərin maraqlarından çıxış etməli olduğuna və Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanmış üçtərəfli bəyanatı nəzərə almalı olduğuna tərəfdar çıxış edir”.
Həmçinin Lavrov Azərbaycan və Ermənistan sərhədinin delimitasiyası və demarkasiyası üzrə ikitərəfli komissiyanın mümkün qədər tez formalaşdırılması və fəaliyyətə başlamasında, Bakı və İrəvana konsultativ yardım göstərməyə hazır olduqlarını bəyan edib.
Rusiyanın verdiyi bu bəyanat doğrudur, amma yetərli deyil. Lazımdır ki, Rusiya nəzərdə tutulan istiqamət üzrə yaradılacaq komissiyada tərəflərin hərəkətini təşfiq etsin. Görünən budur ki, Ermənistandan deyilən istiqamətdə heç bir hərəkətlənmə yoxdur. Hiss olunur ki, hər gün yeni təklif verməklə prosesi uzadırlar. Bu uzatmaq cəhdlərinin qarşısını almaqla bağlı Rusiya tərəfdən hansı addımlar atılmalıdır?
Politoloq Rəşad Bayramov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Rusiyanın Xarici İşlər Nazirliyi bir müddət əvvəl bildirib ki, noyabrın 26-da Soçidə Rusiya, Azərbaycan və Ermənistan liderləri iki ölkə arasında dövlət sərhədinin delimitasiyası üzrə komissiyanın yaradılması barədə razılığa gəliblər. Bundan çıxış edərək bunun tezliklə baş verəcəyi ehtimalı çox yüksək idi. Rusiya dəfələrlə bildirib ki, onlar bu razılaşmanın ən yüksək səviyyədə həyata keçirilməsi üçün maneə görmür. Bir neçə gün əvvəl isə Lavrov bildirdi ki, Ermənistan tərəfi prosesə hazırdır, lakin kiçik bir təklifi var. Yenə də ortaya hansısa konstruktiv mövqe çıxmadı. Görünən budur ki, Ermənistan məqsədli şəkildə bu prosesi uzadır. Yaxşı olardı ki, Lavrov bu məsələ ilə bağlı bir qədər fərqli yanaşma ortaya qoysun. Prosesin yubadılması ilə bağlı ölkələr arasındakı məsuliyyəti eyniləşdirməsin. Adı ilə desin ki, bunu edən Ermənistandır”.
Məhəmmədəli QƏRİBLİ