Respublikanın rayonlarında mətbuat yayımı ilə bağlı problemlər var. Bölgələrdə qəzet satışı olmadığından, yerli sakinlər çap mətbuatı ala bilmirlər. Yayılan xəbərə görə, “Azərmətbuatyayım” ASC ilə Poçtdaşıma arasındakı çəkişmənin nəticəsində rayonlara gedən (dövlət qəzetlərindən başqa) qəzetlərin satışı dayandırılıb.
Ölkə Prezidenti medianın inkişafını və jurnalistlərin fəaliyyətini daim diqqətdə saxlayır. Çap mediasına maddi dəstək verir, bütün media quruluşlarında çalışan jurnalistlərin sosial durumunun, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində davamlı qayğı göstərir. Lakin apardığımız müşahidələrdən aydın olur ki, qəzetlərin köşklərdə satılması düzgün həyata keçirilmir. Görünür ki, kimlərsə Prezidentin media ilə bağlı apardığı siyasəti sabotaj edir. İki qurum arasında baş verən bu ziddiyyətdən media niyə ziyan çəkməlidir?
Media eksperti Azər Həsrət “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ümumiyyətlə, bu prosesdən sadəcə media əziyyət çəkmir: “Ölkənin informasiya təhlükəsizliyi də zərər görür. İnformasiya tələbatçılarına da ziyan dəyir. Qəzet oxuma mədəniyyəti ciddi zərər görür. Hansısa qurumların arasındakı narazılıqlar gətirib o yerə çıxramamalıdır ki, insanların qəzet oxuma mədəniyyəti zərər görsün. Təəssüflər olsun ki, Azərbaycanda belə bir durum var və faktiki olaraq qəzetlər, nəinki bölgələrə, heç Bakının özünə belə normal paylaşılmır. Qəzet köşklərində qəzetdən başqa nə desən satılır. Böyük ticarət mərkəzlərində qəzet satışına rast gəlmirik. Halbuki, dünyanın bütün ölkələrindəki böyük ticarət mərkəzlərində ayrıca qəzet stendləri, qəzet satışı yerləri olur. İnsanlar supermarketə girəndə orda bir tərəfdə, özü də göz önündə qəzet görürlər. Azərbaycanda bu da edilmir. Çox nəhəng ticarət mərkəzlərimiz var bizim. Olmazmı ki, onunların içərisində qəzet satışı da təşkil olunsun? Ancaq təəssüf ki, bunu etmirlər. Sizin qaldırdığınız məsələ də bu qəbildəndir. Əslinə qalanda, qəzet satışının qayğısına qalmalı olan qurumlar onun satışını əngəlləməklə məşğuldurlar. Nəticə etibarı ilə də Azərbaycanın informasiya təminatı və qəzet oxuma mədəniyyəti çox ciddi zərər görür”.
Məhəmmədəli QƏRİBLİ