Fransada keçiriləcək prezident seçkilərində Respublikaçılar partiyasının namizədi Valeri Pekresin Azərbaycan hakimiyyət orqanlarından razılıq almadan Qarabağa gəlməsi Azərbaycan ictimaiyyəti tərəfindən kəskin etirazla qarşılanmışdır.
Baki-xeber.com xəbər verir ki, bu barədə Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədovun yaydığı bəyanatda deyilir.
Bəyanatda daha sonra bildirilir:
“Xalqın bu narazılığını həssaslıqla nəzərə alan Azərbaycan Prezidenti İlham Əliyev Fransa prezidentliyinə namizəd olan bir xanımın beynəlxalq hüququn tələblərini heçə sayaraq belə bir addım atmasını kəskin şəkildə tənqid etmiş və gələcəkdə bu cür halların baş verəcəyi təqdirdə daha kəskin tədbirlərin görülə biləcəyini hamının diqqətinə çatdırmışdır.
Çox təəssüf ki, Fransa prezidentliyinə namizəd Valeri Pekres hüquqazidd davranışına görə üzrxahlıq etmək əvəzinə, Azərbaycan rəbərliyinə qarşı əsassız və hüquqazidd ittihamlar irəli sürmüşdür. Dövlət başçımızın haqlı iradlarını müstəqil dövlətin - özünü “Dağlıq Qarabağ respublikası”adlandıran qondarma qurumun “suverenliyinin” pozulması kimi dəyərləndirmişdir.
Digər tərəfdən, dini siyasi mübarizədə alətə çevirən prezidentliyə namizəd iddia etmişdir ki, onun “Ermənistana səfəri Yaxın Şərqdəki xristianların taleyindən ötrü keçirdiyi narahatlıqla əlaqədardır və hesab edir ki, Ermənistanı müdafiə etmək lazımdır”.
Valeri Pekres Ermənistanı müdafiə etməyi özünün həyat amalı sayan nə birinci, nə də sonuncu fransız siyasətçisidir. Seçkiləri udmaq, mütəşəkkil erməni seçicilərini öz tərəfinə çəkmək naminə ondan əvvəl digər prezidentliyə namizəd - Erik Zemmur da Ermənistana səfərə gəlmişdi. Ancaq xanım Pekresdən fərqli olaraq o beynəlxalq hüquqa sayqı göstərmiş və Qarabağa getmədən geri qayıtmışdı. Görünür rəqibinin erməni səslərinin bir hissəsini alacağından çəkinən Valeri Pekres bu “yarışda” onu geridə qoymaq üçün Qarabağa getmək və beynəlxalq qalmaqal törətməklə hamının diqqətini özünə cəlb etmək istəmişdir. Çox təəssüf ki, bu cür halların qarşısını almalı olan Rusiya sülhməramlıları da öz vəzifələrinə məsuliyyətlə yanaşmamış və bu qanunsuz səfərə şərait yaratmışlar.
Azərbaycan Naminə Alyans Partiyası Fransa prezidentliyinə namizəd Valeri Pekresin beynəlxalq hüququ heçə sayan davranışını qəti şəkildə pisləyir, xarici ölkə vətəndaşlarını hüquqazidd hərəkətlərdən çəkinməyə, Rusiya sülhməramlılarından öz vəzifələrinə məsuliyyətlə yanaşmağa, bu cür qanun pozğunluqlarına son qoymağa çağırır”.