ATƏT rəhbərliyindən İlham Əliyevin "həmsədrlər bəyanatına" yarımçıq reaksiya...

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədrliyi ATƏT-in Minsk Qrupunun həmsədrlərinə tam dəstəyini bir daha təsdiqləyir. ATƏT-in Polşa sədrliyi Prezident Əliyevin ATƏT-lə bağlı bəyanatını şərh edərkən bildirib:
“ATƏT-in Polşa sədrliyi Azərbaycan prezidentinin ictimai bəyanatlarına münasibət bildirə bilməz. Biz ATƏT-in Minsk Qrupunun, onun həmsədrlərinin, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi, səfir Anjey Kasprşikin işinə tam dəstəyimizi bir daha təsdiqləyirik”.
Bu bəyanatdan hansı nəticələri çıxarmaq olar?
Politoloq Əhəd Məmmədli “Bakı-Xəbər”ə məsələnin mahiyyəti belə izah etdi: “Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına hazırda sədrlik edən Polşanın xarici işlər naziri Zbiqnev Rau Azərbaycan prezidenti İlham Əliyevin ötən həftə bir sıra yerli televiziya nümayəndələri ilə keçirdiyi görüşlə bağlı açıqlama verib.
Zbiqnev Rau erməni mediasına açıqlamasında bildirib ki, ATƏT-ə sədrlik edən Polşa Azərbaycan prezidentinin ictimai bəyanatlarına münasibət bildirə bilməz. Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev müsahibə zamanı “ATƏT-in Minsk Qrupu həmsədrləri “Dağlıq Qarabağ münaqişəsi” həll olunduğu üçün onunla məşğul olmamalıdırlar” deyə bəyan etmişdi :“Biz onlar üçün bu problemi həll etdik. Əgər münaqişə tərəflərindən biri məsələnin həll olunduğunu deyirsə, deməli, “vasitəçilik üçün başqa yer yoxdur”. Qeyd edək ki, 2020-ci ildə Azərbaycanın Ermənistan tərəfindən 30 il işğalda olan torpaqlarını 44 günlük genişmiqyaslı müharibə ilə azad etməsi ATƏT-in Minsk Qrupunun 30 illik yaratmaz fəaliyyətinə bir cavab olaraq da görülməlidir. Rəsmi Bakının bütün beynəlxalq təşkilatlara Qarabağ münaqişəsinin bitdiyini və Azərbaycanın öz ərazi bütövlüyünü təmin etdiyini anlatması deyəsən çox çəkəcək. İstər, ATƏT-in Minsk Qrupu olsun, istərsə də digər beynəlxalq təşkilatlar, eyni zamanda Ermənistan anlamalıdırlar ki, Azərbaycan öz ərazisində ikinci bir erməni dövlətinin yaradılmasına imkan verməyəcək. Görünür, Polşanın baş diplomatı da digər sələfləri kimi bunu anlaması üçün hələ çox çalışmalı olacaq. ATƏT-in Minsk Qrupu yaxşı olardı ki, hazırda ehtiyac olan humanitar işlərlə məşğul olsun. Eyni zamanda biz görürük ki, həmin formatdakı ölkələrin özləri bir-biri ilə müharibə həddindədirlər. Bu səbəbdən onların konstruktiv mövqe sərgiləyəcəyi də inandırıcı görünmür. Öz missiyasını uğursuz şəkildə başa vurmuş bir təsisatdır”.
Məhəmmədəli QƏRİBLİ