Goranboyun Tapqaraqoyunlu sakini minaya düşdü, ayağı amputasiya edildi

Goranboy rayon sakini minaya düşüb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov məlumat verib.
Məlumata görə hadisə rayonun Tapqaraqoyunlu kəndində qeydə alınıb.
Kənd sakini, 1996-cı il təvəllüdlü Məmmədov Vüqar Maqsud oğlu qoyun otaran zaman minaya düşüb. Xəstə xəstəxanaya yerləşdilib, onun ayağı amputasiya edilib.
Yanvarın 18-də 1996-cı il təvəllüdlü Vüqar Məmmədovun Goranboy rayonunun Tapqaraqoyunlu kəndinin yaxınlığındakı ərazidə piyada əleyhinə minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Goranboy Rayon Prokurorluğundan verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış araşdırmalarla Vüqar Məmmədovun kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə minaya düşməsi nəticəsində sol ayağının travmatik amputasiya olunması müəyyən edilmişdir.
Faktla bağlı Goranboy Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.