Ermənistan parlamenti delimitasiya problemləri barədə bəyanat layihəsini növbəti dəfə rədd etdi…

Elşən Həsənov: “Ermənistan bütün bunlara hazır olmadığı üçün həmin prosesi əngəlləyir”

img

Ermənistan parlamentində Baş nazir Nikol Paşinyanın partiyası olan "Vətəndaş müqaviləsi" sərhədlərin delimitasiya və demarkasiyası məsələsini müzakirəyə çıxarıb. Bu barədə "Hraparak" qəzeti məlumat yazıb.

Qeyd edək ki, müxalifət partiyaları müzakirəyə qoşulmayacaqlarını bəyan ediblər və bəyanat layihəsi növbəti dəfə rədd edilib.

Buna səbəb olaraq müxalif nümayəndələr bildirib ki, sərhədlərin delimitasiya və demarkasiyasının belə tələsik müzakirəyə çıxarılması Ermənistanın sərhədlərinin təhlükəsizliyini sual altına alır və "Artsax"ın itirilməsi anlamına gəlir.

Təhlükəsizlik məsələləri üzrə ekspert Elşən Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, noyabrın 26-da Soçidə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putininin görüşü növbəti üçtərəfli Bəyanatın imzalanması ilə başa çatdı: “Bəyanatda əksini tapan iki əsas məsələdən biri nəqliyyat əlaqələrinin blokadadan çıxarılması, digəri isə Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə ikitərəfli Komissiyanın yaradılmasından ibarətdir. Delimitasiya prosesi zamanı Qazax və Naxçıvanın hələ də ermənilərdə qalan 8 kəndinin taleyinə aydınlıq gətiriləcək. Azərbaycanın sərhədlərinə bitişik kəndlərin qaytarılacağı şübhəsizdir, Ermənistan ərazisində anklavda olanların əvəzində isə Ermənistan ərazilərinin Azərbaycana verilməklə mübadilə ediləcəyi ehtimal olunur. Delimitasiya prosesi iki ölkə arasındakı bütün dövlət sərhəd xəttinin xəritə üzərində razılaşdırılması ilə başa çatacaq. Delimitasiya prosesi zamanı hazırlanan və tərəflərin imzaları ilə təsdiq edilən sənədlər sərhədin müəyyənləşdirilməsinin növbəti mərhələsi hesab olunan demarkasiya üçün baza rolunu oynayır. Başqa sözlə desək, xəritə üzərində əldə olunan razılaşma sərhədlərin işarələnməsi və çəkilməsi üçün əsas sənəddir. Sərhədin demarkasiyası prosesi delimitasiyaya dair sənədlər (müqavilə, dövlət sərhədi xəttinin xəritəsi və əlavə təsvirlər) əsasında paritet əsaslarla yaradılan birgə komissiyalar tərəfindən həyata keçirilir. Bu zaman dövlət sərhədinin keçdiyi xətt xüsusi sərhəd nişanları ilə işarələnməlidir. Demarkasiya prosesi zamanı ərazinin topoqrafik, hava və peyk çəkilişləri aparılır. Eyni zamanda, tərəflər bir-birinin ərazi bütövlüyünü tanımış olur. Ermənistan bütün bunlara hazır olmadığı üçün həmin prosesi əngəlləyir. Bugünlərdə Lavrov Ermənistanın bu məsələ ilə bağlı yeni təklifinin olduğunu demişdi. Görünür, yeni təklif deyəndə elə bu məsələni nəzərdə tuturmuşlar”.

Məhəmmədəli QƏRİBLİ

Peşə etikası

Son xəbərlər