Ermənistan sərhədlərin delimitasiya komissiyası barədə Azərbaycana yeni nə təklif verib?..

Əhəd Məmmədli: “Ola bilər ki, yenə də prosesi ləngitmək üçün hansısa səmərəsiz təkliflərlə çıxış etməyə çalışır”

img

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya demarkasiya komissiyası ilə bağlı Ermənistanın təkliflərini Azərbaycana çatdıracaq:

“Mən dünən Ermənistandan olan həmkarımla danışdım. Onların sərhədlərin dəqiqləşməsilə bağlı yeni təklifləri var. Çalışacağıq ki, həmin təkliflər tez işləsin”.

Maraqlıdır, sərhədlərin dəqiqləşməsilə bağlı Ermənistanın hansı təklifləri ola bilər?

Politoloq Əhəd Məmmədli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Rusiya komissiyanın yaradılması məsələsinin tezliklə həllinə ümid edirdi: “Soçidə prinsipial razılıq var idi, hətta mətbuata da açıqlandı ki, komissiya 2021-ci ilin sonuna qədər yaradılacaq. Ancaq Ermənistanın qeyri-konstruktiv mövqeyi hesabına həmin Komissiyanın fəaliyyəti ləngidi. Ötən il noyabrın 26-da Soçidə Azərbaycan, Rusiya və Ermənistan liderləri Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Rusiyanın məsləhətçi qismində iştirakı ilə ikitərəfli komissiyanın yaradılması barədə razılığa gəliblər. Moskva Azərbaycanla Ermənistan arasında sərhədin tezliklə delimitasiyasının tərəfdarıdır. Bu, sırf ikitərəfli məsələdir. Rusiya delimitasiya və demarkasiya üzrə komissiya yaratmağı,  həmçinin öz nümayəndələrini bu komissiyada məsləhətçi kimi irəli sürməklə onun üzərində işləməyə başlamağı təklif edirdi. Qeyd edək ki, Rusiya Baş Qərargahı və digər strukturlar Sovet İttifaqının formalaşması, habelə onun inzibati sərhədləri və ittifaq respublikaları arasındakı sərhəd dəyişikliklərini özündə əks etdirən xəritələrə sahibdir.

Komissiyanın səmərəli fəaliyyəti üçün  ilk növbədə şərtləri razılaşdırmaq lazımdır. Hazırda bu şərtlər müzakirə olunur. Orada uyğunsuzluqlar mövcuddur. Üç gün əvvəl Azərbaycanın rəsmi şəxslərindən biri bildirdi ki, Azərbaycanla Ermənistan arasında delimitasiya ilə bağlı komissiyanın yaradılması barədə şifahi şəkildə razılıq əldə olunub. Ermənistanın heç bir yeni təklifi ola bilməz. Ola bilər ki, yenə də prosesi ləngitmək üçün hansısa səmərəsiz təkliflərlə çıxış etməyə çalışır. İstənilən halda, sülh sazişinin bu il imzalanacağı inandırıcı sayılmır”.

Məhəmmədəli QƏRİBLİ

Peşə etikası

Son xəbərlər