Prezident Əliyev kadrların düzgün seçilməsinin vacibliyini bir daha xatırlatdı...

Məhərrəm Zülfüqarlı: “Özünü doğrultmayan kadrlara görə onları təqdim edənlər məsuliyyət daşımalıdır”

img

“Cəza tədbirləri ilə yanaşı, kadrların düzgün seçilməsi məsələsi öz rolunu oynamalıdır”. Bunu bu günlərdə yerli telekanallara müsahibədsində Prezident İlham Əliyev deyib.

 

Ölkə başçısının sözlərinə görə, bəzi yeni kadrlar bir müddətdən sonra əyri yola gedir: “Artıq 18 ildir ki, mən Prezident vəzifəsində işləyirəm və mənim təşəbbüsümlə çoxlu kadr dəyişikliyi edilib. Əfsuslar olsun, bəzi hallarda kadr dəyişikliyi vəziyyətin müsbətə doğru dəyişməsinə aparmır. Çünki yeni kadr təyin edilir, müəyyən müddət ərzində özünü verilmiş təlimatlara uyğun aparır, amma sonra vaxt keçdikcə, necə deyərlər, köhnə, əyri yola gedir. Ona görə burada cəza tədbirləri ilə yanaşı, kadrların düzgün seçilməsi məsələsi öz rolunu oynamalıdır. Bu sahədə son vaxtlar Azərbaycan ictimaiyyəti görür ki, çox ciddi kadr islahatı aparılıb. Hakimiyyətin, demək olar ki, bütün qollarında ciddi kadr islahatları aparılıbdır. Hökumətdə, Milli Məclisdə, Prezident Administrasiyasında, nazirliklərdə, yerli icra orqanlarında artıq böyük dərəcədə ciddi kadr dəyişikliyi baş verib və bu, hesab edirəm ki, korrupsiyaya qarşı mübarizədə önəmli rol oynayacaq”.

 

Həqiqətən də kadrların düzgün seçilməsi çox önəmli faktordur. Çünki seçimin düzgün aparılmaması sonrakı dövrdə çox ciddi fəsadlara birbaşa zəmin yaradır. Bu səbəbdən kadrların seçilməsi zamanı bütün parametrlər nəzərə alınmalıdır. Maraqlıdır, kadrların düzgün seçilməməsi hallarına görə kimlər məsuliyyət daşımalıdı?

  • “Az əmək haqqı ilə yüksək vəzifəyə kadr təyin edilirsə, bir müddət sonra o, aldığı məvaciblə razı olmayacaq”

Məsələyə münasibət bildirən AVCİYA-nın vitse-prezidenti, professor Məhərrəm Zülfüqarlının fikrincə, özünü doğrultmayan kadrlara görə onları təqdim edənlər məsuliyyət daşımalıdır: “Bir sıra qurumlarda çalışan yüksək vəzifəli məmurlar qohumbazlıq, dostbazlıq prinsipindən çıxış edərək yeni kadrlar təqdim edirlər. Ancaq bir müddət sonra onlara göstərilən etimadı doğrultmurlar. Nəticədə, yeni olmalarına rəğmən, köhnə məmurların yolu ilə gedirlər. Hesab edirəm ki, belə kadrların əməllərinə görə onları məsləhət görənlər cavab verməlidir. Digər tərəfdən, bu təkcə kadrların seçilib yerləşdirilməsindən asılı olan məsələ deyil. O üzdən, sözügedən məsələ köklü islahatlar tələb edir. Tutaq ki, hansısa kadr ilk dövrlərdə yaxşı işləyirsə, sonra dəyişirsə, deməli bunun köklü səbəbləri var. Məsələn, rayona birbaşa cavabdeh icra başçısı olsa da, polis rəisi və digər rəhbər şəxslər nazirliklərə tabe olur. Bir sıra hallarda onlar icra başçısını saymırlar, müəyyən proseslərdə onunla hesablaşmırlar. Bu da idarəetmənin effektiv təşkilində ciddi problemlər yaradır. O üzdən, islahatlar dərinləşdirilməlidir. Hər bir vəzifəli şəxsin səlahiyyəti açıq bilinməlidir. Ən nəhayət, icra strukturlarında çalışanların əmək haqları artırılmalıdır. Yəni səlahiyyətli qurumların əmək haqlarına fikir verilməlidir. Az əmək haqqı ilə yüksək vəzifəyə kadr təyin edilirsə, bir müddət sonra o aldığı məvaciblə razı olmayacaq. Tələbat çox olduğuna görə, həmin məmur əyri yolla gedəcək. O baxımdan sözügedən məqamlara diqqət etmək lazımdır”.

Bir sözlə, professor hesab edir ki, kompleks xarakterli tədbirlər görülmədən problemi həll etmək mümkün deyil.

Vidadi ORDAHALLI

Peşə etikası

Son xəbərlər