“Ölkə Prezidentinin yerli TV-lərə müsahibəsində diqqətimi çəkən çoxlu məqamlardan biri barədə də qısaca yazmaq istədim.Təəccübləndim ki, neçə gündən bəri bu məqam niyə müzakirə edilməyib. Həqiqətən də ölkədə struktur islahatlarından çox danışıldığı indiki vaxtda Prezidentin toxunduğu məqam ətrafında isti müzakirələr aparılmalı idi”.
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
Prezident məmur neqativləri ilə mübarizədə tək inzibati tədbirlərin kifayət etmədiyini, kadrların seçiminin də daha təkmil olmalı olduğunu deyərək ictimai nəzarət məsələsini xüsusi qeyd etdi. Dedi ki, İctimai Nəzarətin hansısa institutsional formatının tətbiqi də vacibdir.
Ölkədə ictimai nəzarət institutu həqiqətən özünü təsirli şəkildə hələ göstərə bilmir və bu sahədə ciddi problem var. Belə hiss etdim ki, Prezident ictimai nəzarətin çoxsaylı subyektlərinin arasında nisbətən medianın işində səmərəlilik göstəriciləri görür. Bəs başqa ictimai nəzarət subyektləri? Dövlət strukturları yanında xüsusi bir coşqu ilə formalaşdırılan İctimai Şuralar nə edir? Saysız hesabsız QHT-in reaksiyası hanı? İctimai iştirakçılıq haqqında qanunda nəzərdə tutulmuş digər subyektlər necə? Bu qanunun tam şəkildə işləyə bilməsinə nə mane olur? ...və sair.
Məncə Prezident Azərbaycanda yeni struktur - İctimai Nəzarət qurumu yaratmaq fikrindədir. Qurumun dövlət və ya geniş səlahiyyətlərə malik ictimai qurum olacağını isə hələlik demək çətindir. Ancaq ölkədə həqiqi İctimai Nəzarət qurumuna böyük ehtiyac var...