Lavrov Azərbaycanla Ermənistanın delimitasiya üzrə danışıqlar prosesinin qəliz məqamlarını açdı

img

Biz Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyasına tezliklə başlanılmasının tərəfdarıyıq. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında deyib.

"Bu, Qarabağ regionuna və tənzimləmə məsələlərinə aid deyil. Bu, sırf ikitərəfli məsələdir. Artıq bir ilə yaxındır ki, biz delimitasiya və demarkasiya üzrə komissiya yaratmaqla və özümüzü məsləhətçi kimi təqdim etməklə bu məsələ üzrə işləməyə başlamağı təklif edirik. Mən dünən erməni həmkarımla bu mövzu barədə danışmışam. Tərəflərin müəyyən təklifləri var. Komissiya yaratmaq üçün ilk növbədə şərtlər barədə razılıq əldə etmək lazımdır. Hazırda bu şərtlər müzakirə olunur. Bəzi fikir ayrılıqları var. Bizim mövqeyimiz sadədir: hələ də həll olunmamış qalan məsələləri yaradılan komissiya çərçivəsində həll etmək lazımdır", - deyə S.Lavrov bildirib.

Lavrov deyib ki, Rusiya demarkasiya üzrə komissiya ilə bağlı Ermənistanın təkliflərini Azərbaycana təqdim edəcək. O bildirib ki, Rusiya komissiyanın yaradılması məsələsinin tezliklə həll olunmasına ümid edir.

"Dünən mən erməni həmkarımla danışmışam. Müəyyən təkliflər formalaşıb, biz onları Bakıya təqdim edirik. Komissiyanın tezliklə işə başlaması üçün nə etmək lazım olduğuna baxacağıq", - deyə o bildirib.

Lavrov Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin görüşünü şərh edib.

"Türkiyə və Ermənistan xüsusi nümayəndələrini təyin edib. Rusiya bu razılığın əldə olunmasında kömək göstərib. Biz məmnunuq ki, ilk görüş Moskvada keçirilir. Bizim rolumuz birbaşa dialoqun təşkilində kömək göstərməkdən ibarətdir. Ümid edirəm ki, bu görüş uğurlu olacaq", - deyə o bildirib.

Son xəbərlər