Ermənistanla əlaqə qurmayan müsəlman ölkəsi Azərbaycan Prezidentindən lazımi qiymətini aldı...

Tural İrfan: “Bizim qonşumuz olan, təriqətləri bizimlə eynilik təşkil edən ölkə bu təəssübü saxlamır”

img

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən Azərbaycanda inşa ediləcək 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının yanvarın 13-də Gülüstan sarayında keçirilən təməlqoyma mərasimində bildirib ki, Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında çox sıx dostluq və qardaşlıq münasibətləri var:

“Biz müstəqillik dövründə bu əlaqələrin inkişaf etdirilməsində fəal çalışmışıq. Mən Səudiyyə Ərəbistanı Krallığına səfərlərimi böyük məmnuniyyətlə xatırlayıram. Kral həzrətləri, Vəliəhd həzrətləri ilə keçirdiyim görüşlər bir daha bizim aramızdakı dostluq və qardaşlığın təzahürüdür. Biz bir çox sahələrdə uğurla əməkdaşlıq edirik. Təbii ki, bütün Azərbaycan xalqı Səudiyyə Ərəbistanının Azərbaycana işğal dövründə göstərdiyi siyasi dəstəkdən xəbərdardır. Səudiyyə Ərəbistanı o nadir ölkələrdəndir ki, erməni işğalına görə Ermənistanla ümumiyyətlə diplomatik əlaqələr qurmamışdır və bu, Azərbaycan xalqına, Azərbaycan dövlətinə göstərilmiş böyük mənəvi dəstəkdir və qardaşlığın əlamətidir. Azərbaycan xalqı bunu yüksək qiymətləndirir.

Bizim siyasi əlaqələrimiz çox yüksək səviyyədədir. Eyni zamanda, iqtisadiyyatın müxtəlif sahələrində fəal əməkdaşlıq edirik. Pandemiyaya qədər Səudiyyə Ərəbistanından gələn turistlərin sayı ildən-ilə artırdı. Ümid edirəm ki, pandemiya başa çatandan sonra biz yenə də Səudiyyə Ərəbistanının vətəndaşlarını, öz qardaşlarımızı Azərbaycanda görəcəyik".

Göründüyü kimi, Prezident Səudiyyə Ərəbistanının Ermənistanın ərazilərimizi işğal etməsi səbəbilə onunla heç bir diplomatik əlaqə qurmamasını təqdiredici hal kimi qiymətləndirib. Bundan digər İslam ölkələri hansı nəticələri çıxarmalıdır?

İlhahiyyatşı Tural İrfan “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Səudiyyə Ərəbistanı da daxil olmaqla, bir çox müsəlman ölkələri bizmlə həmrəy olub: “Ermənistanın ərazilərimizi işğalı dönəmində onlarla heç bir diplomatik münasibətlər qurmayan ölkələr də var. Bura misal kimi Pakistanı, Səudiyyə Ərəbistanınını göstərmək olar. Onlar teokratik quruluşa malik ölkələrdi. Yəni idarəetmələrində İslamı əsas götürürlər. Quranda da yazılır ki, müsəlman müsəlmanın və haqqın yanında olmalıdır. Təəssüflər olsun ki, İran kimi teokratik mahiyyətli bir ölkə həmin qaydalara əməl etmir. Hətta düşmənimizə dəstək verirlər. Çox təəssüflər olsun ki, bu mövqe onların idarəetmə modelinə uyğun deyil. Bu baxımdan da, Səudiyyənin yürütdüyü siyasət alqışlanmalıdır. Başqa müsəlman ölkələri bundan ibrət götürməlidir. Yeri gəlsə, Səudiyyə Ərəbistanı bizdən qat-qat aralıda yerləşən, təriqət baxımından da bizdən fəqrli olan ölkədir. Ancaq bizim qonşumuz olan, təriqətləri bizimlə eynilik təşkil edən ölkə bu təəssübü saxlamır. Biz demirik ki. haqsız yerə bizi müdafiə etsinlər. Əksinə, bizim haqlı olduğumuz məqamları dəstəkləsinlər. Mən hətta bəzi türkdilli ölkələrin də bundan ibrət götürməsini vacib sayıram. Cənab Prezidentin bu fikri tam təsdiqini tapıb. Doğru olan siyasətin nəticəsidir ki, Səudiyyə Ərəbistanı kimi ölkə bizimlə belə səmimi münasibətlər qurur”.

Məhəmmədəli QƏRİBLİ

Peşə etikası

Son xəbərlər