Ermənistan ərazi bütövlüyümüzü tanımasa, bütün torpaqlarını itirəcək - hələ beləsi olmamışdı...

Tural İsmayılov: “Bu o demək deyil ki, biz davamlı olaraq Ermənistanın nazı ilə oynayacağıq”

img

“Əgər bizim ərazi bütövlüyümüzü tanımaq istəmirlərsə, o zaman biz də onların ərazi bütövlüyünü tanımayacağıq”. Bunu Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib.

Ölkə başçısının fikrincə, bir tərəfdən onlar başa düşürlər ki, sülh müqaviləsi olmasa və güclü Azərbaycan mövcud olduğu halda onların müəyyən narahatlığı ola bilər: “Digər tərəfdən başa düşürlər ki, sülh müqaviləsi imzalanarsa, orada mütləq hər iki ölkənin bir-birinin ərazi bütövlüyünü tanıması müddəası olmalıdır və onlar buna hazır olmalıdırlar. Ona görə, bilirsiniz, necə deyərlər, iki daş arasında qalıblar. Ancaq seçim etməlidirlər, düzgün seçim etməlidirlər. Əgər bizim ərazi bütövlüyümüzü tanımaq istəmirlərsə, o zaman biz də onların ərazi bütövlüyünü tanımayacağıq. Bizim Ermənistanın ərazi bütövlüyünü tanımamaq üçün bəlkə də yüz dəfə daha çox əsasımız var, nəinki onların bizim ərazi bütövlüyümüzü tanımaması üçün. Çünki hər kəs artıq bunu yaxşı bilir, dünya ictimaiyyəti də bilir ki, 1920-ci ilin noyabr ayında tarixi torpağımız Zəngəzur bizdən ayrılıb Ermənistana birləşdirildi, Göyçə də həmçinin. İrəvan şəhəri 29 may 1918-ci ildə Ermənistana verildi. Yəni bizim Ermənistanın ərazi bütövlüyünü tanımamaq üçün, necə deyərlər, bir çox amillərimiz var”.

Bu əslində Ermənistan tərəfinə verilən çox ciddi mesajdır. O mənada ki, Ermənistan destruktiv siyasət aparmaqda davam edərsə, dövlət olaraq varlığı sual altına düşəcək.

  • “Azərbaycanın ərazi bütövlüyünü tanımayacaqlarsa, o zaman bu onlar üçün fəlakətli nəticələrə gətirib çıxaracaq”

Məsələyə münasibət bildirən politoloq Tural İsmayılov bununla bağlı bir sıra məqamlara toxundu: “Cənab prezidentin vurğuladığı məqamlar Azərbaycanın real siyasi konturlarını özündə müəyyənləşdirir. Ümumiyyətlə, bugünə qədər Azərbaycan tərəfindən Ermənistanın ərazi bütövlüyünə və yaxud da onun beynəlxalq hüquqda tanınmış suveren ərazilərinə qarşı heç bir təxribat, qəsd hadisəsi baş verməyib. Bundan əlavə, Azərbaycanın dövlət rəsmiləri də heç vaxt hansısa formada Ermənistan ərazilərinə iddia irəli sürməyiblər. Lakin buna baxmayaraq, 30 il ərzində Azərbaycan əraziləri işğala məruz qalıb. Bu gün Azərbaycanın tarixi həqiqətləri dilə gətirməsi, Ermənistanın bəzi şəhərlərinin tarixi Azərbaycan torpağı olmağı ilə bağlı bu ölkədə qorxu və panika yaradır. Bununla onlar süni gündəm yaratmağa çalışırlar. Prezidentin müsahibəsindən də bir daha aydın olur ki, Azərbaycan heç bir formada rəsmi şəkildə Ermənistanın beynəlxalq müstəvidə tanınan ərazilərinə iddia irəli sürmür. Ancaq bu o demək deyil ki, biz öz tariximizi unutmalıyıq. Bu o demək deyil ki, biz davamlı olaraq Ermənistanın nazı ilə oynayacağıq. Əsla bu belə olmayacaq. Çünki Zəngəzur, Göycə, İrəvan tarixi Azərbaycan əraziləridir. Ortada tutarlı tarixi faktlar var. Ona görə də bütün bunlar ola-ola Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımayacaqsa, o zaman bu onlar üçün fəlakətli nəticələrə gətirib çıxaracaq. Bu gedişlə Ermənistanda miqrasiya üzündən adam qalmayacaq. Bütün bunlar isə Ermənistanın dövlət olaraq yox olması anlamına gəlir. Ümumilikdə, işğala məruz qalan Azərbaycan öz gücü ilə ərazi bütövlüyünü təmin etsə də, yenə Ermənistanla sülh və etimad mühitinin region üçün faydalı olacağını hər zaman söyləyib. O üzdən, Ermənistanın öz dövlətçiliyini xilas etmək üçün Azərbaycan Prezidentinin diqtə etdiyi şərtləri qəbul etməkdən başqa yolu yoxdur”.

Politoloq hesab edir ki, əks təqdirdə Ermənistanın gələcəyi qaranlıq görünür.

Vidadi ORDAHALLI

Peşə etikası

Son xəbərlər