Prezident medianın gücünə inandığını bir daha göstərdi - "məlumatlar bir çox hallarda təsdiqlənir"...

img

Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib ki, biz cəmiyyətdə də elə ab-hava yaratmalıyıq ictimai nəzarət güclənsin:

"Siz yaxşı bilirsiniz ki, mən dəfələrlə bu məsələ ilə bağlı öz fikirlərimi bildirmişəm. Mən daim bunu deyirəm, vətəndaşlara müraciət edirəm, biganə qalmayın və nəzarət edin. İctimai nəzarət bir çox məmurları bu cinayət xarakterli işlərdən çəkindirəcək. Ona görə ictimai nəzarətin hansısa institusional formatı da gərək işlənilsin. Sizin, media nümayəndələrinin bu sahədə çox böyük rolunuz var. Deyə bilərəm ki, mən bəzən xoşagəlməz hallar haqqında sizdən öyrənirəm, sizdən bu xəbəri tuturam və dərhal reaksiya verilir. Deyə bilərəm ki, bir çox hallarda mediada olan məlumatlar təsdiqlənir. Elə məlumatlar var ki, onlar qərəzli xarakter daşıyır. Amma məlumatların mütləq əksəriyyəti təsdiqlənir və dərhal ölçü götürülür. Ona görə dövlət məmurları bilməlidirlər, onların işinə təkcə Prezident Administrasiyası yox, həm ictimaiyyət, həm də media nümayəndələri nəzarət edir".

Prezidentin bu çıxışından bu nəticəni çıxarmaq olarmı ki, medianın təkmilləşməsi onun yaydığı xəbərlərin mötəbərliyinə də inamın ən yüksək səviyyədə formalaşmasına səbəb olub?

  • Müşfiq Ələsgərli: “Medianın inkişafı cənab Prezidentin səsləndirdiyi tezisdə də öz əksini tapmış olur”

Media eksperti Müşfiq Ələsgərli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, cənab Prezident bir neçə dəfədir öz çıxışlarında bu məzmunda açıqlamalar verir: “Ölkə başçısı mediada yayılan məlumatlara ciddi şəkildə önəm verdiyini açıqlayır. Bu yanaşma Prezidentin yalnız şifahi nitqində deyil, həm də  gündəlik əməli fəaliyyətində görünür. Diqqət yetirsək görərik ki, istər ənənəvi, istərsə də sosial mediada trendə çevrilən bütün mövzular diqqətə alınır və onlara reaksiya verilir. Bu yanaşma cənab Prezidentin münasibətindən irəli gəlir və bu tendensiya getdikcə inkişaf edir. Son dövrlər müşahidə edilən budur ki, media ilə münasibətlər daha çox interaktiv qaydada qurulur. Həm mediada gedən materiallara ciddi reaksiya verilir,  həm də ölkə rəhbərliyi səviyyəsində intensiv şəkildə yerli və dünya KİV-inə müsahibələr verilir. Digər yanaşma isə budur ki, ölkədə medianın inkişafı üçün sistemli və konseptual addımlar atılır. Mediaya bu qədər diqqətin göstərilməsi bir daha sübut edir ki, ölkə rəhbərliyi bu quruluşların ciddi instutisional  bir mexanizmlərə çevrilməsində maraqlıdır.  Medianın inkişafı cənab Prezidentin səsləndirdiyi tezisdə də öz əksini tapmış olur. Buradan başqa bir nəticəni də çıxara bilərik ki, cənab Prezident və onun komandası həm də  sosial şəbəkələrdə aktivdirlər. Onun  bütün  populyar sosial şəbəkələrdə hesabları var. Münasibətlərin yeni  zamanın tələblərinə uyğun qurulması Prezidentin dövri media ilə bağlı çağırışlarına tam adekvatdır”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər