Azərbaycandan "istənilən vaxt Laçın dəhlizini bağlaya bilərik" mesajı...

Abutalıb Səmədov: “Ermənilər bundan nəticə çıxarmalıdır ki, Lacın dəhlizindən keçmək heç də onların tam sərbəst olması anlamına gəlmir”

img

Sülhməramlıların fəaliyyətini qiymətləndirmək üçün, hesab edirəm ki, biz daha geniş prizmadan yanaşmalıyıq və əlbəttə ki, qıcıq doğuran məqamlar az deyil. Amma eyni zamanda, onların müsbət funksiyalarını da qeyd etməmək ədalətsizlik olar. Onlar indi önəmli funksiyanı yerinə yetirirlər.

Eyni zamanda, onlar Kəlbəcər, Laçın rayonlarına bizim həm hərbçilərimizin, həm də yüklərin göndərilməsini və daşınmasını müşayiət edirlər və prinsipcə deyə bilərəm ki, mən onların ümumi fəaliyyətinə müsbət yanaşıram. Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində söyləyib.

Dövlət başçısı daha sonra  deyib: “Yəni keçən il bir çox şeylərə aydınlıq gətirdi, çünki eyni zamanda, bizim Rusiya ilə əlaqələrimizdə yeni bir element yarandı, hansı ki, bu element yox idi. Azərbaycan–Rusiya əlaqələri həmişə çox müsbət olub. Amma keçən il bu əlaqələr daha da dinamik olub və təmaslar daha çox olub, o cümlədən prezidentlər səviyyəsində, müxtəlif səviyyələrdə. Bu bizim əlaqələrimiz üçün bir yenilik idi və bu yenilik ikitərəfli əlaqələrə problem yarada bilərdi, ya da ki, ikitərəfli əlaqələri gücləndirə bilərdi. Mən deyə bilərəm, artıq keçən ili, bu ili təhlil edərkən sülhməramlı missiyanın Azərbaycan tərəfdaşları ilə münasibətləri ikitərəfli əlaqələrə müsbət təsir göstərmişdir. Ona görə bunu biz bilməliyik, Azərbaycan vətəndaşları da bilməlidirlər”.

Qıcıq doğuran məsələlərə toxunan Prezident İlham Əliyev qeyd edib ki, dəfələrlə qanunsuz səfərlər baş verdikdə rəsmi qaydada Rusiya tərəfinə irad bildirilir. Valeri Pekresin son qanunsuz səfəri ilə bağlı da eyni addımlar atılıb. Bizə belə bir cavab verildi ki, biz görməmişik, bilməmişik, diqqətdən kənarda olub, o hansısa adi bir maşında gəlib və sair: “Bu, təşkil edilmiş səfər idi, çünki Valeri Pekres istədiyi müşayiətlə gedə bilməyib, çox məhdud sayda gediblər. Onun yanında Fransanın keçmiş xarici işlər naziri, avrokomissar Barnye, bir deputat olmuşdur. Onlar gizli şəkildə oraya getdilər və qayıtdılar. Qayıdandan sonra artıq xəbər çıxdı, çünki yəqin ehtiyatlanırdılar ki, biz Laçın dəhlizində onları dayandıracağıq. Çünki əgər xəbərimiz olsaydı ki, onlar oradadırlar, biz onları geri buraxmayacaqdıq, birmənalı şəkildə. Laçın dəhlizi bizim nəzarətimiz altındadır. Siz Şuşada olmusunuz, görmüsünüz. Biz orada istənilən maşını saxlaya bilərik və heç kim bizə heç nə deyə bilməz”.

Prezidentin  bu çıxışından həm də bu nəticəyə gəlmək olarmı ki, Azərbaycan istənilən vaxt Laçın dəhlizini bağlaya bilər?

Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Prezidentin son bəynatı son dərəcə maraqlıdır: “Bilirsiniz ki, 10 noyabr tarixində imzalanan üçtərəfli sənədin müddəalarına görə, Laçın dəhlizinin yeni marşrutu da razılaşdırılıb. Ora üçün Şuşadan yan keçməklə yeni yol salınacaq. Hələlik həmin yol Şuşadan keçir. Cənab Prezident dedi ki, biz Şuşada istənilən avtomobili saxlayıb yoxlaya bilərik, buna görə bizə kimsə mane ola bilməz. Söhbət hələ sırf dəhlizin özündəki yoxlamadan yox, dəhliz boyu olan ərazilərdən gedir. Həmin ərazilər vasitəsilə silah daşınması və ya qanunsuz səfərlərlə bağlı halın müəyyən olunması Azərbaycanı ciddi tədbirlərə əl atmağa vadar edə bilər. Bu bizim üçün son dərəcə xoş bir xəbər oldu. Deməli, ermənilər tam özbaşına buraxılmayıb. Biz şübhələndiyimiz maşını saxlamaq  imkanına malikik. Bu, Laçın dəhlizinin dərhal bağlanacağı ilə bağlı anlama gəlmir. Belə bir addımın atılması hələlik çox tezdir. Prezident sülhməramlıların fəaliyyətinə normal qiymət verdi. Yalnız bir-iki məsələni qeyd etdi ki, onlar narazılıq doğurur. Bu, həm də bir xəbərdarlıqdır. Ermənilər bundan nəticə çıxarmalıdır ki, Lacın dəhlizindən keçmək heç də onların tam sərbəst olması anlamına gəlmir. Gələcəkdə hadisələr daha başqa məcralarda davam edərsə, biz dəhlizin bağlanması məsələsini də qaldıra bilərik. Prezidentin bu çıxışı erməni mediasında ciddi əks-səda doğurub. Bundan eyni zamanda sülhməramlılar nəticə çıxarmalıdır. Gələn maşınları daha diqqətli yoxlamalıdırlar. Ərazimizə keçən hər bir maşında nəyin və kimlərin gətirildiyi bizim üçün çox böyük maraq kəsb edir”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər