Azərbaycan Prezidenti ABŞ-ın postmüharibə siyasətinə iki əsaslı irad tutdu...

Fikrət Sadıqov: “Bu dərəcədə birtərəfli mövqedən çıxış etmək Birləşmiş Ştatların maraqlarına zərbə vurur”

img

“Müharibədən sonra Amerika Birləşmiş Ştatları, halbuki vasitəçidir, neytral olmalıdır, açıq şəkildə Ermənistan tərəfini tutdu”. Bunu Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində deyib.

Ölkə başçısının sözlərinə görə, təkcə elə mətbuatda olan iki hadisəni qeyd etməklə bunu sübut etmək olar: “Birincisi, Ermənistanı dırnaqarası “demokratiya zirvəsinə” dəvət etməsi, halbuki Ermənistan və demokratiya - bunlar fərqli qütblərdir, Ermənistanda insan haqları kobudcasına pozulur, siyasi müxalifət həbsə atılır və siyasi rəqiblər təqib edilir. Ermənistan, necə deyərlər, hansı əməllərə görə ora dəvət edilib ki, Azərbaycan dəvət edilməyib. Yəni bu, açıq ayrıseçkilikdir. İkinci də, bu yaxınlarda Ermənistan Təhlükəsizlik Şurasının katibi Vaşinqtona dəvət edilib, orada görüşlər keçirir. Azərbaycan Təhlükəsizlik Şurasının katibi isə dəvət edilməyib. O başqa məsələdir ki, biz dəvət olunmamışıq, heç nə itirmirik və demokratiya uğrunda dırnaqarası “zirvə görüşündə” iki dəqiqəlik çıxış üçün adam özünü heç əziyyətə verməməlidir. Amma fakt odur ki, burada balans pozulur, nümayişkaranə göstərilir ki, indiki Amerika administrasiyası birtərəfli olaraq Ermənistan tərəfindədir və bu onların öz işidir. Biz, necə deyərlər, sadəcə olaraq, öz fikirlərimizi bildiririk və əlbəttə ki, öz siyasətimizdə bunu nəzərə alacağıq”.

Görünən odur ki, Birləşmiş Ştatlar böyük fövqəldövlət olsa da, Cənubi Qafqazla bağlı açıq şəkildə ikili standartlardan çıxış edir. Bu isə hazırkı adminstrasiyanın tərəfkeş mövqe sərgiləməsindən irəli gəlir.

  • “Cənubi Qafqazın lider dövləti Ermənistan yox, Azərbaycandır”

Məsələyə münasibət bildirən sabiq diplomat, politoloq Fikrət Sadıqov ABŞ-ın belə siyasət yeritməsini Bayden adminstrasiyasının erməni lobbisi ilə çox yaxın olması ilə əlaqələndirdi: “Məlum olduğu kimi, prezident Cozef Bayden uzun illərdir erməni lobbisi ilə yaxın əlaqələrə malikdir. Eyni zamanda onun adminstrasiyasında təmsil olunan bir sıra şəxslər ermənipərəstdir. Ancaq bu dərəcədə birtərəfli mövqedən çıxış etmək Birləşmiş Ştatların maraqlarına zərbə vurur. Çünki Cənubi Qafqazın lider dövləti Ermənistan yox, Azərbaycandır. Digər tərəfdən görünən odur ki, aparıcı dövlətlər İkinci Dünya müharibəsindən sonra qurduqları beynəlxalq düzəni özləri pozurlar. Hansı ki, uzun illər siyasəti bu prinsiplər üzərində qurublar. Bu prinsiplərdən irəli gələn məsələlərə əməl olunmasını digər dövlətlərdən tələb ediblər. O üzdən, bununla Prezident İlham Əliyev haqlı olaraq bəyan etdi ki, beynəlxalq hüquq açıq şəkildə tapdalanır. ABŞ beynəlxalq hüquq pərdəsi altında öz maraqlarına uyğun addımlar atır. Aydın məsələdir ki, Ermənistan qeyri-demokratik ölkədir. Bununla bağlı çoxsaylı örnəklər var. Hakimiyyətə qarşı olanlar təqib edilir, müxtəlif vasitələrlə susdurulur. Ancaq buna baxmayaraq, Ermənistanı demokratiya adası kimi təqdim edirlər. Bütün bunlar Birləşmiş Ştatların ikili standartlardan çıxış etməsindən irəli gəlir. Azərbaycan Avropanın enerji təchizatına töhfə verdiyi halda, ABŞ ölkəmizə lazımı diqqət göstərmir. Hansı ki, Azərbaycan hərb yolu ilə 2020-ci ildə ərazi bütövlüyünü bərpa etdi. Özü də beynəlxalq hüquqa uyğun olaraq bunu etdi”.

Bütün bunlardan çıxış edərək politoloq hesab edir ki, beynəlxalq müstəvidə Azərbaycan davamlı olaraq hücumedici mövqedən çıxış etməlidir.

Vidadi ORDAHALLI

Son xəbərlər