Ermənistan Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumata görə, Birinci Qarabağ müharibəsinin xronikası nazirliyin saytından silinib. Belə ki, Ermənistanın rayon və ya kəndi “azad etdiyi” gün, həyata keçirilən əməliyyatların təfərrüatlarını əks etdirən Birinci Qarabağ müharibəsinin xronikası saytdan silinib. Bundan əlavə, Ermənistanın “milli qəhrəmanları” haqqında məlumat bölməsi də yoxdur. Onlar saytın kitabxana bölməsindən yoxa çıxıb.
Müdafiə Nazirliyi məlumatların silinməsini texniki problemlərlə əlaqələndirsə də, buna inanan olmayıb. Çünki bunun əsl səbəbi həmin ərazilərin 2020-ci ilin payızında Azərbaycan Ordusu tərəfindən azad olunması və sözügedən məlumatların artıq saytda saxlanılmasının mənasız olması ilə bağlıdır. Çünki uzun müddət idi erməni tərəfi həmin məlumatları nazirliyin saytında yerləşdirmişdi və belə hal baş vermirdi. O üzdən, bunun baş verməsinin təsadüfi olmadığı qənaəti yaranır.
“Bunu açıq deməyə cəsarətləri çatmadığı üçün günahı texniki məsələlərin üstünə atırlar”
Məsələyə münasibət bildirən AMİP funksioneri Əli Orucov hesab edir ki, belə bir halın baş verməsinin texniki nasazlıqla bağlı olması real görünmür: “Məlum olduğu kimi, Birinci Qarabağ müharibəsində ərazilərimizin işğal edilməsi Rusiyanın yardımı sayəsində oldu. Bunu bilməyən yoxdur. Ancaq zaman-zaman Ermənistan tərəfi bunu öz “qəhrəmanlıqları” kimi təqdim etdi. Bununla bağlı çoxsaylı saxta kitablar yazdılar. Hətta yazdıqlarını başqa dillərə belə tərcümə edib tirajladılar. O cümlədən, bunu Müdafiə Nazirliyinin sayt bazasında arxivləşdirdilər. Əslində bu bir növ etiraf idi ki, ərazilərimizi Ermənistan ordusu işğal edib. Çünki adətən ermənilər beynəlxalq tədbirlərdə bəyan edirdilər ki, ərazilərin işğal olunmasında Ermənistan ordusunun hansısa rolu yoxdur. Bunu, guya Qarabağda yaşayan etnik ermənilər özlərini qorumaqdan ötrü ediblər. Halbuki, bu tamamilə absurd bir yanaşma idi. Nəhayət 27 sentyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsi başlayandan sonra qısa bir müddətdə yalançı erməni mifi darmadağın edildi. Bir daha bəlli oldu ki, erməni əsgərinin qəhrəmanlığı deyilən bir şey yox imiş. Sadəcə, böyük dövlətlərin məkrli siyasəti üzündən 30 ilə yaxın ərazilərimiz işğal altında qaldı. İndi artıq erməni rəsmilər görür ki, Müdafiə Nazirliyinin saytında 1993-cü ildə işğal edilən Ağdam, Füzulu və digər rayonlarla bağlı məlumatların saxlanılmasının bir anlamı yoxdur. Ona görə ki, həmin rayonlar azad edilib. Bunu açıq deməyə cəsarətləri çatmadığı üçün günahı texniki məsələlərin üstünə atırlar. Təbii ki, sıravi Ermənistan vətəndaşları buna inanmır. Ona görə ki, onlar yaranan yeni reallıqları yaxşı görürlər”.
Partiya funksioneri onu da qeyd etdi ki, sözügedən məlumatlar bərpa olunsa belə, hansısa məna kəsb etmir.
Vidadi ORDAHALLI